Qeyri-Kommersiya Hüququ üzrə Avropa Mərkəzi (ECNL) tərəfindən “Terrorçuluğun maliyyələşdirilməsinə və pulların leqallaşdırılmasına qarşı mübarizə həddindən artıq dərəcədə tənzimləndiyi halda VCT-lər nə edə bilərlər?” adlı yeni brifer hazırlanıb. QHT.az “MG Consulting”-n tərcüməsi ilə məlumatı sizə təqdim edir.
Terrorçuluğun maliyyələşdirilməsinə və pulların leqallaşdırılmasına qarşı mübarizə həddindən artıq dərəcədə tənzimləndiyi halda VCT-lər nə edə bilərlər?
Ümumi məlumat
BMT-nin Terrorizmlə mübarizə şəraitində insan hüquqlarının və əsas azadlıqların təşviqi və müdafiəsi üzrə xüsusi məruzəçisinin 2019-cu il tarixli hesabatından bəlli oldu ki, 2001-ci ildən bəri 140 hökumət terrorizmlə mübarizə tədbirləri qəbul etmişdir.
Bunun VCT-lərə təsiri aşağıdakılardan ibarətdir:
• Milli qanunvericilik normaları vətəndaş cəmiyyəti üçün önəmli olan hüquqları: ifadə və fikir azadlığını, birləşmək azadlığını, toplaşmaq azadlığını və iştirakçılıq hüququnu məhdudlaşdırır.
• Vətəndaş cəmiyyətinin maliyyə xidmətlərinə çıxışı məhdudlaşır, bank hesablarının açılmasından imtina edilir və ya onlar özbaşına bağlanılır, əməliyyatlar həddən artıq ləngidilir və ya dayandırılır, yaxud həddən artıq ağır inzibati tələblər qoyulur.
• Vətəndaş cəmiyyəti “milli təhlükəsizliyə təhlükə” yaratmaqda və ya “dövlətin düşməni” olmaqda ittiham edilir.
VCT-lər pulların leqallaşdırılmasına (PL), terrorizmin maliyyələşdirilməsinə (TM) və terrorizmə qarşı mübarizə standartlarının səbəb olduğu sui-istifadə və ya həddindən artıq tənzimləmə halları ilə üzləşdikdə bunu necə dəf edə bilərlər?
1. BMT-nin İnsan hüquqları və terrorçuluqla mübarizə üzrə xüsusi məruzəçisi qarşısında məsələlərin qaldırılması
Belə halların təsirinə birbaşa məruz qalan VCT-lər BMT-nin Xüsusi məruzəçisinə məlumat, material və vəziyyətin təsvirini təqdim edə bilərlər. Terrorizmlə mübarizə şəraitində insan hüquqlarının və əsas azadlıqların təşviqi və müdafiəsi üzrə xüsusi məruzəçi BMT-nin İnsan Hüquqları Şurası tərəfindən təyin edilən müstəqil ekspertdir. Xüsusi məruzəçi hökumətə sorğu göndərə və həmçinin sorğunu PL/TM və terrorizmə qarşı mübarizə üzrə digər əlaqədar qurumlara (məsələn, Maliyyə Tədbirləri üzrə İşçi Qrupuna (FATF)) ünvanlaya bilər. VCT-lər müraciətlərini bu platforma vasitəsilə BMT-nin Xüsusi məruzəçisinə birbaşa təqdim edə bilərlər.
Serbiya nümunəsi
Serbiya VCT-ləri BMT-nin Xüsusi məruzəçilərinə şikayət təqdim etdilər. Onlar narahatlıqlarını ifadə etdilər ki, Serbiyanın hakimiyyət orqanları terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üçün nəzərdə tutulan səlahiyyətlərindən insan hüquqlarını müşahidə və müdafiə edən 50-dən çox VCT-nin, kütləvi informasiya vasitələrinin və fəalların maliyyə əməliyyatlarını araşdırmaq üçün istifadə edirlər. BMT-nin Xüsusi məruzəçiləri cavab üçün hökumətə və FATF-a sorğu verdilər. FATF təsdiq etdi ki, onun müəyyən etdiyi tədbirlər terrorizmə qarşı mübarizə bəhanəsi ilə insan hüquqlarını məhdudlaşdırmaq üçün tətbiq və istifadə edilirsə, bu hal FATF standartlarına birbaşa ziddir və tamamilə qəbuledilməzdir. Bu hal qarşılıqlı qiymətləndirmə zamanı müəyyən edilərsə, ölkə FATF standartlarında göstərilən risk əsaslı yanaşmanı tətbiq etmədiyi üçün mənfi qiymət alacaqdır. Bu, bütün hökumətlərə olduqca aydın bir ismarıcdır ki, PL/TM və terrorizmə qarşı mübarizə adı altında VCT-lərin qanuni fəaliyyətlərini həddindən artıq dərəcədə tənzimləmək, araşdırmaq və ya məhdudlaşdırmaq olmaz.
2. FATF və onun regional orqanı qarşısında məsələnin qaldırılması
FATF qarşılıqlı qiymətləndirmə vəzifələrini yerinə yetirən komandalarına köməklik üçün VCT-lərdən daxil olan məlumatları alqışlayır. VCT-lər FATF standartlarının və tədbirlərinin tətbiqi ilə bağlı həddindən artıq dərəcədə tənzimləmələr, məhdudiyyətlər və məlumatlarla bağlı narahatlıqlarını birbaşa FATF-a bildirə bilərlər.
VCT-lərin məlumatları aşağıdakıları əhatə edə bilər:
• Həddindən artıq dərəcədə tənzimləmələrlə, qanuni fəaliyyətləri pozan səmərəsiz tədbirlərlə bağlı narahatlıqlar;
• Terrorçuluğun maliyyələşdirilməsi riskləri barədə VCT-lər arasında bilgi və ya məlumatların olmaması;
• Bu məsələ ilə bağlı hökumətlərin VCT-ləri yetərincə məlumatlandırmaması və ya onlarla yetərincə təmasda olmaması;
• Ölkəyə səfəri zamanı qiymətləndirmə qrupunun əlavə məlumat əldə etmək üçün hansı VCT-lərlə təmasa girəcəyini müəyyənləşdirməsinə kömək etməyə yönələn təkliflər.
FATF nədir? Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) pulların leqallaşdırılmasını və terrorçuluğun maliyyələşdirilməsini qlobal səviyyədə izləyən müşahidəçidir. Bu hökumətlərarası qurum bu qanunsuz fəaliyyətlərin və onların cəmiyyətə vurduğu ziyanın qarşısını almağa yönələn beynəlxalq standartları müəyyənləşdirir. FATF tərəfindən “FATF tövsiyələri” və ya “FATF standartları” hazırlanmışdır və bunlardan biri qeyri-kommersiya sektorunu (VCT-ləri) əhatə edir. FATF həmçinin ölkələrin bu standartları necə tətbiq etdiklərini dövri qaydada qiymətləndirir
FATF-nin qarşılıqlı qiymətləndirmələri nədir? Qarşılıqlı qiymətləndirmələr FATF Tövsiyələrinin yerinə yetirilməsinin səviyyəsini qiymətləndirmək üçün hər bir üzv tərəfindən davamlı şəkildə həyata keçirilən elə bir kollegial qiymətləndirmədir ki, bu zaman maliyyə sistemində cinayətkar sui-istifadə hallarının qarşısını almaq üçün hər bir ölkənin sisteminin ətraflı təsviri və təhlili təqdim edilir.
3. VCT-lər onları narahat edən məsələləri insan hüquqları üzrə regional mexanizmlər qarşısında qaldıra bilərlər
Məsələn, Avropa Şurasına üzv dövlətlərin ölkələrindən olan VCT-lər PL/TM ilə mübarizə tədbirlərinin həddindən artıq dərəcədə tənzimlənməsi və ya mənfi təsirləri ilə bağlı məsələləri Beynəlxalq QHT-lər Konfransı və İnsan Hüquqları üzrə Komissar qarşısında qaldıra bilərlər. Həm FATF üslublu regional qurum, həm də Avropa Şurası institutu olan Moneyval FATF-nin PL/TM ilə mübarizə tələblərini həyata keçirərkən İnsan hüquqları haqqında Avropa Konvensiyasının standartlarını tətbiq etməlidir, bu səbəbdən VCT-lər müraciətlərini Konvensiya ilə qorunan hüquqlarla əsaslandıra bilərlər.
Beynəlxalq QHT-lər Konfransı nədir? Beynəlxalq QHT-lər Konfransı Avropa Şurasında beynəlxalq QHT-ləri təmsil edən əsas orqandır. 2003-cü ildən etibarən Beynəlxalq QHT-lər Konfransı Avropa Şurası nəzdində iştirakçı statusuna malikdir. O, hazırda rəsmən tanınan qurumdur. O, VCT-lərin siyasi rolunun təsdiqlənməsində rol oynayır. Beynəlxalq QHT-lər Konfransı siyasət istiqamətlərinə dair qərarlar verir və fəaliyyət proqramlarını müəyyənləşdirir və qəbul edir. Beynəlxalq QHT-lər Konfransı Strasburqda adətən ildə iki dəfə Avropa Şurasının Parlament Assambleyasının növbəti iclasları zamanı toplaşır












