Ekoleks Ekoloji Hüquq Mərkəzi İctimai Birliyinin sədri Sevil İsayeva sosial və ictimai sahələrdə təşkilatın göstərdiyi fəaliyyətlərlə bağlı QHT.az- a eksklüziv müsahibə verib. QHT sədrinin müsahibəsini diqqətinizə çatdırırıq.
QHT.az: Mövcud fəaliyyətləriniz nələrdən ibarətdir, hansı sahələrdə fəaliyyət göstərirsiniz?
Sevil İsayeva: Ekoleks ekoloji hüquq mərkəzi 1999-cu ildə yaradılmış və 2001-ci ildə dövlət qeydiyyatına alınmışdır. Ekoleks ekoloji hüquq və ekoloji siyasət sahəsində fəaliyyət göstərir ki, bu fəaliyyəti bütün ekoloji sektorları, o cümlədən iqtisadiyyatın ətraf mühitlə bağlı sektorlararası sahələrini əhatə edir. Təşkilatımız ətraf mühitə təsir edən iqtisadiyyat sahələrinin ətraf mühitə təsirini azaltmaq üzrə siyasət sənədləri normativ hüquqi aktlar hazırlayır. Biz ətraf mühitin vəziyyətinin və ətraf mühitə təsir edən siyasət və qərar layihələrinin təsirini qiymətləndirir və qərar qəbul edən şəxslər üçün tövsiyələr hazırlayırıq. Mərkəz qərar qəbul edən şəxslər, vətənfdaş cəmiyyəti təşkilatları üçün ekoloji qərarların qəbul edilməsi məsələləri üzrə təlimlər keçirir və yol xəritələri, vəsaitlər təlim proqramları hazırlayır. Son 5 il ərzində təşkilatımız tullantıları idarə olunması, yeni modellərin araşdırılması və tətbiqi, plastik qablaşdırmaların, digər plastik tullantıların idarəolunması, ətraf mühitə təsirinin azaldılması üzrə layihələr həyata keçirir. Ekoleks ekoloji hüquq mərkəzi sahibkarlar assosiasiyaları üçün müxtəlif ətraf mühit strategiyaları, təsirlərin azaldılması üzrə standartlar hazırlayır, xüsusən Azərbaycan üçün İstehsalçının genişləndirilmiş məsuliyyəti prinsipləri hazırlamış və onun tətbiqi üzrə fəaliyyətlər həyata keçirir. Ekoleks dövri iqtisadiyyata keçid üzrə araşdırmalar aparmış və Azərbaycan üçün modellər təklif etmişdir.
QHT.az: Təşkilatınızın missiyası, məqsədləri, nailiyyətləri haqqında danışa bilərsiniz?
Sevil İsayeva: Ekoleks ekoloji hüquq mərkəzinin missiyası dayanıqlı inkişafa nail olmaq üçün ekoloji siyasət və qanunvericiliyin inkişafına ictimai dəstək vermək, qərar qəbul edən şəxsləri və VT nümayəndələrinin bu istiqamətdə peşəkarlığının artırılması üçün səylər göstərməkdir. Təşkilatımızın əsas məqsədi ətraf mühitin mühafizəsi və ətraf mühitə təsir edən fəaliyyətlər üzrə qəbul ediləcək qərarların hazırlanması və qəbulunun səmərəliliyinin artırılmasıdır. Təşkilat Dayanıqlı şəhərsalma, Dayanıqlı nəqliyyat layihələri həyata keçirmiş və Bakının Baş Planının yaşıllaşdırılmasına, bərpa olunan energetika sahəsində siyasətin hazırlanmasına tövsiyələrini vermişdir. Mərkəz Şahdağ və Altıağac Milli parkaları ilə həmsərhəd ərazidə yerləşən bələdiyyələr üçün ekoloji proqramlarını hazırlamış, Azərbaycanın turizmin inkişafı və geniş yayılmış faydalı qazıntılardan istifadə ilə əlaqədar həssas ətraf mühiti olan bir neçə rayonunda, o cümlədən Qubada, Qəbələdə ətrraf mühitin vəziyyətini araşdırmış və və yerli icra hakimiyyətləri üçün tövsiyələr vermişdir. Təşkilatımız çimərlik turizminin inkişafı üçün Azərbaycanın Xəzər sahilboyunda yerləşən çimaərliklərinin vəziyyətini öyrənmiş, beynəlxalq standartlar əsasında Azərbaycan Respublikası standartlarının layihələrini, normativ hüquqi akt layihələri cimərliklərin istifadə ilə əlaqədar Tədbirlər planı layihəsini hazırlamışdır. Ekoleks ekoloji hüquq mərkəzi bərk məişət tullantılarının idarə olunması vəziyyətini, siyasi strategiyanı və normativ hüquqi aktları araşdırmış və qiymətləndirmiş, siyasətin formalaşdırılması və qanunvericiliyin inkişafı üçün tövsiyələrini hazırlamışdır. Biz Plastik tullantıların idarə olunması üzrə strategiyanın hazırlanmasında iştirak edib və “Qablaşdırma tullantılarının idarə olunması haqqında” Qanun layihəsini hazırlamışıq. Ekoleks ekoloji hüquq mərkəzi Kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadəni araşdırmış və torpaqların konsolidasiyası üzrə dövlət proqramının, strategiyanın və qanunun layihəsini hazırlamışdır.
QHT.az: Təşkilatınızın cəmiyyətə təsiri və sosial inkişafı üçün hansı addımlar atılır?
Sevil İsayeva: Təşkilatımız ölkədə ekoloji siyasətin formalaşması və idarəetmənin səmərəliliyinin artırılması üçün vətəndaş cəmiyyətinin qərarların qəbul edilməcinə cəlb edilməsi və ictimai iştirakçılıq institutlarının formalaşmasına xüsusi əhəmiyyət verir. Bu istiqamətdə “Ətraf mühit məsələlərinə dair informasiyanın əldə edilməsi, qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakı və ədalət mühakiməsinə müraciət ilə bağlı BMT Avropa iqtisadi Komissiyasının Konvensiyası “Orxus Konvensiyası”nın həyata keçirilməsi üçün layihələr həyata keçirmiş, bələdçilər, təlim proqramları hazırlamış, onlarla təlimlər keçirmişdir. Ekoleks ekoloji hüquq mərkəzi ekoloji məlumatlandırma və maarifləndirmə sahəsində də fəaliyyət göstərir. Fəaliyyəti dövrin 45 kitabvə broşür hazırlamış və nəşr etmiş, internet səhifələr yaratmış və idarə etmiş, sosial şəbəkələrdə səhifələr və qruplar yaradaraq maarifləndirmə fəaliyyəti həyata keçirmişdir və hazırda bun fəaliyyətini davam etdirir.
QHT.az: Gələcək aylar və illər üçün planlaşdırılmış tədbirləriniz, istiqamətlər və məqsədlər nələrdən ibarətdir?
Sevil İsayeva: Hazırda təşkilatımız yaşayış binalarında enerji səmərəliliyinə nail olunması üzrə layihə həyata keçirməyə hazırlaşır. Bu layihə 2030-cu ilə qədər Milli prioritetlərə uyğundur. Ekoleks ekoloji Hüquq mərkəzi İqlim dəyişikliyi mövzusunda 2024-cü ilin yayında ölkədə keçirilməsi nəzərdə tutulan sərgiyə hazırlaşır və həmin sərgidə ölkəmizdə ətraf mühitin mühafizəsi üzrə siyasətin həyata keçirilməsində vətəndaş cəmiyyətinin iştirakın nümunələrini təqdim edəcəkdir.
Pərvanə Fərhadqızı












