Noyabrın 7-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “2023-cü il Heydər Əliyev İli” çərçivəsində “Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatları” mövzusunda forum keçirib.
QHT.az xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin nümayəndəsi Tural Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm bünövrə üzərində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bugünkü qalib Azərbaycan dövlətini ucaldıb: “Azərbaycan Respublikası artıq bütövdür, tamdır.
Əlbəttə, bu mənzərə qeyri-hökumət təşkilatları qarşısında da yeni çağırışlar deməkdir. Artıq dövlət tərəfindən QHT-lərlə iş sahəsində köklü islahatlara başlanılıb. Açıq etiraf olunmalıdır ki, ötən illərdə bu sahədə xeyli nöqsanlar buraxılıb. Bu gün bəzi qeyri-hökumət təşkilatlarının fəaliyyəti bu sahəyə ləkə, sektorun adına ciddi xələl gətirir. Onlar illərdir öyrəşdikləri müxtəxorluq dövrünün xiffəti ilə yaşayır”.
T.Əliyev bildirib ki, hazırda QHT-lərlə əlaqədar qanunvericilik bazasına yenidən baxılır. Yaxın vaxtlarda bu sahədə də əsaslı dəyişikliklərin şahidi olacağıq: “Bildiyiniz kimi, xarici donorlardan maliyyə alan QHT-lər bunun üçün Ədliyyə Nazirliyindən müvafiq bildirişə malik olmalıdır. Lakin aparılmış təhlil üzə çıxarıb ki, QHT sektorunda bildirişdən yayınmaq üçün ciddi cəhdlər var. Qrantların “qaranlıq dövriyyəsi” bir sıra hallarda məhz xarici donorlar üçün Azərbaycanın daxilinə sızma cəhdləridir. Müşahidələr göstərir ki, bir sıra xarici fondların Azərbaycandakı əsas məqsədlərindən biri məhz əldə edilmiş tarixi Zəfərə kölgə salmaq, insanların gözündə onu heçə endirmək, cəmiyyətdə ruh düşkünlüyü, süstlük yaratmaqdır. QHT-ləri bu məsələlərdə diqqətli olmağa, xarici donorlarla Ədliyyə Nazirliyinin müvafiq bildirişi olmadan heç bir əməkdaşlıq qurmamağa çağırırıq”.












