DİA.AZ: - Bu gün çox əlamətdar gündür. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Türk Birliyinə öz töhfəsini verir. Türk Dövlətləri qiymətləndirmə birliklərinin rəhbərləri Azərbaycanda rəsmi səfərdədir.

QHT.az  DİA.AZ-a istinadən  xəbər verir ki, səfər çərçivəsində Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Qazaxıstanın Türküstan şəhərində keçiriləcək təsis yığıncağına hazırlıq və gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılacaq. Bu gün, aprelin 28-də saat 12:00-da “Atlas Hotel”də (Əhməd Rəcəbli küçəsi, 2/17) Türk Dövlətləri Qiymətləndiricilər Birliyi Təşkilat Komitəsinin toplantısı keçiriləcək. Nümayəndə heyətinin dövlət rəsmiləri ilə görüşləri planlaşdırılır.

 

Azərbaycanda fəaliyyət göstərən 60-a yaxın qiymətləndirmə şirkətini özündə birləşdirən və ölkəmizin yeganə kollektiv qiymətləndirmə platforması olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun Türkiyəyə işgüzar səfəri çərçivəsində Türkiyənin Qiymətləndirmə Mütəxəssisləri Birliyinin rəhbəri Yaşar Bahçeci arasında ikitərəfli münasibətlərin inkişafına dair qarşılıqlı Anlaşma Memorandumunda əsasən iki qardaş ölkə arasında qiymətləndirmə sertifikatlarının qarşılıqlı tanınması, bərabər layihələrin icra edilməsi qərara alınıb. Tərəflər Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunması istiqamətində fəaliyyətə başlaması barədə niyyət protokolu imzalayıblar. Bunun ardınca digər türkdilli dövlətlərin qiymətləndirmə birlikləri ilə danışıqlara başlanılıb. Bu danışıqların nəticəsi olaraq Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Təşkilat Komitəsi yaradılıb.

Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunması ilə bağlı razılaşma Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc, Qazaxıstan Qiymətləndiricilər Birliyinin sədri Askar Omerbekov, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nərgizə Mirzərəhimova, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov tərəfindən əldə olunub. Türkmənistan Qiymətləndiricilər Cəmiyyəti və Şimali Kipr Türk Cümhuriyyəti Dəyərləmə Uzmanları Birliyinin isə müşahidəçi üzv qismində Türk Dövlətləri Qiymətləndiriciləri Birliyində təmsil olunmaq qərarını elan ediblər.