Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional direktoru Hans Kluge, Kahramanmaraşda baş verən zəlzələdən sonra ÜST-nin Türkiyənin yanında olduğunu vurğulayaraq, "Türkiyənin başına gələn zəlzələ Avropada 100 ildə görülən ən böyük təbii fəlakətdir" dedi.

QHT.az xəbər verir ki, Türkiyə Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında baş verən və 10 vilayətdə dağıntılara səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələlərin yaralarını sağaltmağa çalışarkən, Dünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisindən fəlakətlə bağlı yeni açıqlamalar gəldi.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional direktoru Hans Kluge onlayn mətbuat konfransında verdiyi açıqlamada, Türkiyəni vuran və Suriyada insan tələfatına səbəb olan zəlzələnin son 100 ildə Avropa bölgəsində görülən ən böyük təbii fəlakət olduğunu bildirib. Zəlzələnin yaralarının sağalmasının zaman alacağını qeyd edən Kluge, "Proses nə qədər uzansa da, ÜST türk və Suriya xalqının yanında olacaq" dedi.