Tədbiri giriş sözü ilə açan Suraxanı Gənclər Evinin direktoru Natavan Rustamova "Sağlamlığa Xidmət ” İctimai Birliyinin gəncləri maarifləndirmək məqsədilə həyata keçirdiyi fəaliyyətlərin önəmini diqqətə çatdıraraq, bundan sonra da əməkdaşlığın davamlı olacağını bildirib.
Daha sonra çıxış edən təşkilatın sədri, Elçin Muxtarlı öncə tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə Gənclər Evinin direktoruna minnətdarlığını bildirib.
"Sağlamlığa Xidmət" İctimai Birliyinin layihə rəhbəri Samirə Muxtarova "Vərəm- qlobal problem kimi" mövzusunda geniş təqdimatla çıxış edərək, hava- damcı yolu ilə yayılan vərəmin inkişaf tarixi, profilaktikası, müalicəsi, vərəmə yönəlik stiqmaya qarşı mübarizə üsulları, maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini o cümlədən, ümumilikdə vərəmə son qoymaq üçün investisiya edərək, həyatları xilas etməyin mümkünlüyünü bildirib. Bu baxımdan önləyici profilaktik tədbirlərin keçirilməsi, müvafiq maarifləndirmənin aparılması yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqda mühüm rol oynayır. Xüsusən gənclərimizin zamanında məlumatlandırılması, onların həm özlərini, həm də ətrafındakı insanların vərəmdən qorunması üçün son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.
Tədbirdə "Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün" 3 nömrəli xüsusi internat məktəbinin müəllim və şagirdləri jestlərlə, vərəm xəstəliyi barəsində şüarların təqdimatını nümayiş etdirib.
Tədbir zamanı " Sağlamlığa Xidmət" İctimai Birliyinin təşəbbüsü ilə ərsəyə gələn "Qışın İsti nəfəsi" adlı filmin və Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Daha sonra #STOPTBPARTNERSHİP Qrumunun böyük dəstəyi nəticəsində Azərbaycana gətirilən Yaponiyanın Fujifilm şirkətinə məxsus ən müasir portativ, özünə məxsus süni intellektə malik FDR, X- air rentgen aparatının ölkədə istifadə olunan digər rentgen aparatlarından fərqli, üstün cəhətləri sadalanaraq, aparatın təqdimatı aparılıb.
Tədbirdə "Sağlamlığa Xidmət" İctimai Birliyinin qonağı, STOP TB PARTNERSHİP qrumunun İctimaiyyətlə Əlaqələr üzrə Mütəxəssisi xanım Haney Mehta,
Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının üzvləri, "Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün" 3 nömrəli xüsusi internat məktəbinin müəllim və şagirdləri, Qızıl Aypara Cəmiyyətinin Suraxanı və Pirallahı rayon bölmələrinin rəhbərləri, könüllüləri, Suraxanı rayon Gənclər Evinin nümayəndələri iştirak ediblər.
İnteraktiv şəkildə aparılan tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda gənclərə mövzuyla bağlı suallar verilib, suala düzgün cavab verən gənclərə hədiyyələr təqdim olunub.
Ən sonda yadigar olaraq birgə fotolar çəkilib.












