Yazıçı Etibar Həsənzadənin “Qarabağ Azərbaycandır” adlı fərdi layihəsi çərçivəsində “Vətən uğrunda” adlı kitabı işıq üzü görüb. Sayca 10- cu kitabı olan bu kitab 44 günlük Vətən müharibəsində iştirak edən daşkəsənli döyüşçülərin həyat və döyüş yoluna həsr olunub.

Etibar Həsənzadə QHT.az-a bildirib ki, kitabın ilk səhifələrində Vətən müharibəsi haqqında geniş məlumat verilib: “Kitab generalımız Polad Həşimovun həyatı, döyüş yolu, onun əsgəri olmuş daşkəsənli döyüşçülərin onun haqqında xatirələri ilə başlayır və 196 nəfəri əhatə edir. Bunlardan 34 nəfəri şəhidlərimiz, qalanı isə veteranlarımızdır”.

Qeyd edək ki, kitab M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına, AMEA MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fonduna, Polad Həşimovun ev muzeyinə, Sumqayıt şəhər Polad Həşimov adına 28 saylı tam orta məktəbdə yaradılmış Polad Həşimov adına muzeyə, şəhid ailələrinə və döyüşçülərimizə hədiyyə olunub.

Avqustun 3-də Daşkəsən rayonunda Daşkəsən rayon İcra Hakimiyyəti və CHXÇDX-nın Daşkəsən rayon bölməsinin təşkilati dəsətyi ilə “Vətən uğrunda” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Daşkəsən İHB-nın səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov, Daşkəsən rayon prokuroru Şahin İmanov, SHXÇDX-nın Daşkəsən rayon bölməsinin rəisi Səbuhi Abdullayev, Azərbaycanın əməkdar mədəniyyət işçisi, şair- publisist Qəşəm Nəcəfzadə, ehtiyatda olan tibb üzrə polkovnik-leytenant Vüqar Bağırov, şəhid ailələri, qazilər, veteranlar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Pərvanə Fərhadqızı