“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi Miqrasiya üzrə Beynəlxalq QHT Komitəsinə (NGO Committee on Migration) üzv seçilib. Bu barədə İctimai Birliyin sədr müavini Nədimə Rəhimli məlumat verib.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, sözügedən Komitə 2006-cı ildə Nyu-York şəhərində, Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında məşvərətçi statusa malik qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə yaradılıb. Hazırda 50-dən çox QHT-ni birləşdirən platforma miqrantların, qaçqınların, vətəndaşlığı olmayan şəxslərin, məcburi köçkünlərin və insan alveri qurbanlarının hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir.

Komitənin əsas missiyası BMT Nizamnaməsinə uyğun olaraq miqrantların hüquqlarının təşviqi və qorunmasını dəstəkləmək, beynəlxalq əməkdaşlığı gücləndirmək və bu sahədə birgə fəaliyyət üçün effektiv platforma yaratmaqdan ibarətdir.

Nədimə Rəhimli bildirib ki, İctimai Birliyin bu nüfuzlu beynəlxalq quruma üzv seçilməsi təşkilatın fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir:

"Yeni üzvlük təşkilat üçün əməkdaşlıq imkanlarının genişlənməsi, miqrasiya sahəsində qlobal müzakirələrdə daha fəal iştirak və təcrübə mübadiləsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".

Qeyd edək ki, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi ölkə daxilində sosial müdafiəyə ehtiyacı olan qrupların hüquqlarının qorunması, onların rifahının yaxşılaşdırılması və ictimai fəallığın artırılması istiqamətində müxtəlif layihələr həyata keçirir.

 

Pərvanə Fərhadqızı