Hüquq və İnsan Haqları İnstitutu hüquq sahəsində məqalə dərc edən jurnallara dair 2026-cı il üçün hazırladığı üçüncü Monitorinq Hesabatında bildirib ki, ölkədə hüquq jurnallarına maraq yüksək olaraq qalır. Bu göstərici ötən illərin monitorinq nəticələri ilə müqayisədə müsbət dinamikanın qorunduğunu göstərir.
QHT.az xəbər verir ki, institutun apardığı monitorinqin nəticələrinə əsasən, sorğuda iştirak edən 764 hüquqşünasın 81.5%-i Azərbaycanda nəşr edilən hüquq jurnallarında dərc olunan məqalələri oxuduğunu qeyd edib. Bu göstərici əvvəlki illərlə müqayisədə sabit qalmaqla hüquq ictimaiyyətində elmi nəşrlərə marağın davam etdiyini göstərir. Respondentlərin 61.9%-i isə yerli hüquq jurnallarına məqalə yazmaqda maraqlı olduqlarını bildirib.
Hesabatda həmçinin AAK siyahısında yer alan jurnalların oxunma göstəricilərinin ziddiyyətli olduğu vurğulanıb. Belə ki, AAK-ın hüquq elmləri üzrə siyahısına daxil edilmiş 17 jurnaldan 10-u hüquqşünaslar tərəfindən ən az oxunan jurnallar sırasında qərarlaşıb.
Bununla yanaşı, ən çox oxunan ilk beş jurnal arasında AAK siyahısında yer alan 4 nəşr – “Polis Akademiyasının Elmi xəbərləri”, “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalı, “Azərbaycan Hüquq Jurnalı” və “Qanun” jurnalı da yer alıb. Bu fakt əvvəlki monitorinq dövrləri ilə müqayisədə müsbət dinamikanın müşahidə olunduğunu göstərir.
Pərvanə Fərhadqızı












