Council of International Programs USA tərəfindən keçirilən proqram çərçivəsində Sumqayıt şəhərində fəaliyyət göstərən Qadın Təşəbbüsü və Sosial Problemlərinin Həllinə Yardım İB-nin təsisçisi və həmsədri Günel Ələkbərova və Təmiz Dünya Qadınlara Dəstək İctimai Birliyi-nin əməkdaşı Nəsrin Abbasova Cleveland State University-də pedaqoqlar və tələbələr üçün Azərbaycan Respublikasının insan alveri ilə mübarizə sahəsindəki təcrübəsi barədə təlim keçiblər.

QHT.az xəbər verir ki, bu barədə məlumatı Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva bildirib. Onun sözlərinə görə, təlim zamanı ölkəmizdə qurbanların identifikasiyası, müdafiəsi, reabilitasiyası və reinteqrasiyası mexanizmləri, eləcə də dövlət–QHT əməkdaşlığı modeli haqqında ətraflı məlumat verilib. Günel xanım həmçinin Sumqayıt şəhəri və Azərbaycanın digər gözəl regionları barədə çıxış edib, iştirakçılara ölkəmizin sosial və mədəni mühiti haqqında məlumat verib.

Tədbirə onlayn formatda bir çox beynəlxalq mütəxəssis və bu sahəyə maraq göstərən şəxslər də qoşulub.

Proqram çərçivəsində azərbaycanlı mütəxəssislər Washington və Ohio ştatlarında insan alveri ilə mübarizə sahəsində fəaliyyət göstərən dövlət qurumları, QHT-lər və vəkillər bürosu ilə görüşlər keçirib, ABŞ-ın bu sahədəki qabaqcıl təcrübəsi ilə yaxından tanış olublar.