QHT.az yerli mətbuata istinadən xəbər verir ki, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi “Qeyri-hökumət təşkilatları haqqında” yeni qanun layihəsinə dair Tənzimləyici Siyasət üzrə Məsləhətçi Sənəd hazırlayıb. Sənəddə QHT-lərin hüquqi statusu, fəaliyyət prinsipləri və vəzifələrinin daha dəqiq müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu təşəbbüs qeyri-hökumət sektorunun hüquqi çərçivəsinin yenilənməsi məsələsini yenidən gündəmə gətirib. Azərbaycanda da peşə təşkilatları, işəgötürənlər assosiasiyaları və xeyriyyə qurumlarının hüquqi statusu müzakirə olunur. Bu kontekstdə Vətəndaşların Əmək hüquqlarını müdafiə liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov QHT.az-a açıqlama verib.
Sahib Məmmədov bildirib ki, Azərbaycanda bir sıra peşə təşkilatları – Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Kinematoqrafçılar İttifaqı, eləcə də Banklar Assosiasiyası kimi qurumlar QHT kimi fəaliyyət göstərir və bu, düzgün yanaşma deyil. Onun sözlərinə görə, hazırda cəmi üç peşə təşkilatı ayrıca qanunla tənzimlənir.
S.Məmmədovun sözlərinə görə, bunlar Vəkillər Kollegiyası, Mediasiya Şurası və Auditorlar Palatasıdır. O qeyd edib ki, peşə təşkilatlarının mahiyyəti ictimai birliklərdən fərqlənir və burada üzvlük könüllü deyil, məcburi olmalıdır.
Müsahibimiz vurğulayıb ki, "Peşə təşkilatları mahiyyətinə görə ictimai birlik deyil və orada üzvlük könüllü yox, məcburi olmalıdır".
Liqa rəhbəri əlavə edib ki, necə ki, vəkil kollegiyanın üzvü olmadan vəkillik fəaliyyəti göstərə bilmir, auditor palatanın üzvü olmadan auditlə məşğul ola bilmir, mediator da şuraya üzv olmadan fəaliyyət göstərə bilmir, digər peşə ittifaqlarında da eyni prinsip tətbiq edilməlidir.
Sahib Məmmədov bildirib ki, problemin digər tərəfi işəgötürənlər assosiasiyası ilə bağlıdır. Onun sözlərinə görə, bu qurum da QHT kimi qeydiyyatdan keçsə də, Azərbaycanı Beynəlxalq Əmək Təşkilatında tərəf kimi təmsil edir və ayrıca statusa malik olmalıdır.
"Əsas problem faktiki peşə təşkilatlarının QHT kimi təqdim olunmasıdır"- deyə, hüquqşünas əlavə edib.
Müsahibimiz qeyd edib ki, xeyriyyə təşkilatlarının fəaliyyəti isə müəyyən mənada fərqlənir. Onun sözlərinə görə, bu qurumlar vəsait toplayaraq xeyriyyə məqsədləri üçün xərcləyir və onların QHT kimi fəaliyyət göstərməsi o qədər də ciddi problem yaratmır.
S.Məmmədov əlavə edib ki, xeyriyyə təşkilatları ilə bağlı ya “Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında” qanunda ayrıca fəsil ayrılmalı, ya da onların fəaliyyəti ayrıca qanunla tənzimlənməlidir.
Sədr vurğulayıb ki, bu məsələ ilə bağlı uzun illərdir təkliflər hazırlanaraq hökumətə təqdim edilsə də, hələlik hər hansı addım atılmayıb.
Fatimə Nəbiyeva












