ABŞ-ın Aydaho Universitetindən 4 tələbəni yuxuda öldürən şübhəlinin tutulması ilə ölkəni silkələyən hadisənin üzərindəki tüstü pərdəsi qaldırılmağa başlayıb. Polisin məlumatına görə, qan donduran qətl cəmi 13 dəqiqə ərzində baş verib.

QHT.az xəbər verir ki, ABŞ-ın Aydaho ştatında yerləşən Aydaho Universitetində təhsil alan 4 tələbənin yuxuda öldürülməsi həftələrdir ABŞ-ın bir nömrəli gündəminə çevrilmişdi.

Noyabrın 13-ü səhər saatlarında yaşadıqları evdə ölü tapılan gənclər Ethan Çapin (20), Madison Mogen (21), Xana Kernodle (20) və Kaylee Goncalvesin (21) qatilləri tapıla bilmədi. Uzun zamandır hər kəsin gözlədiyi xəbər keçən həftə gəldi.

Adının Bryan Christopher Kohberger olduğu öyrənilən 28 yaşlı şübhəli Pensilvaniyada keçirilən reyd zamanı yaxalanıb.

Eyni zamanda tələbə olan və Vaşinqton Dövlət Universitetində cinayət ədaləti və kriminologiya üzrə doktorluq dərəcəsi alan Bryan Christopher Kohberger-in ilk açıqlaması həftələrdir danışılan hadisəni gün üzünə çıxardı.


Polisin verdiyi məlumata görə, ölkəni ayağa qaldıran qətl hadisəsi 13 dəqiqə ərzində baş verib.

Yanvarın 3-də ilk dəfə hakim qarşısına çıxan və Latah Həbsxanasında saxlanılan şübhəli dörd qətl və bir oğurluq ittihamı ilə üzləşəcək. Mütəxəssislər bildirirlər ki, günahı sübuta yetirilərsə, adam ölüm cəzası ilə üzləşə bilər.