“Mərkəzi Bank bankomatlar vasitəsi ilə plastik kartlardan vəsaitlərin nağdlaşdırılması zamanı haqqların aşağı salındığını bildirib. Bu xüsusən digər bankların bankomatlarından nağdlaşdırma zamanı xərcləri azaldacaq. Bu müsbət haldır. Amma bu xidmətdə güzəşt edən bəzi banklar digər istiqamətlərdə qiymət artımlarına getməklə yenə də müştərilər hesabına daha çox gəlir əldə etməyə çalışırlar. Yəni, nəticədə yenə də müştərilərin xidmətlər üzrə xərcləri yüksək olaraq qalacaq”.
QHT.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Ekspert qeyd edib ki, bir sıra sistem əhəmiyyətli banklar SMS xəbərdarlıq tarifini gələn aydan 2.5 dəfə artırmaq qərarı veriblər: “40 qəpiyə olan bu xidmət gələn aydan 1 manat olacaq. Belə artımlar özü də süni qiymət artımı və ya sektor mövqeyindən istifadə deməkdir. Texnologiyanın yeniləşməsi sms göndərmənin maya dəyərini xeyili aşağı salıb”.
Ekspert həmçinin bildirib ki, Mərkəzi Bank belə kəskin tarif artımlarının səbəblərinin araşdırması və yöndə interventiv addımlar atması çox vacibdir: “Sistemli əhəmiyyətli banklarda müştərilərin sayını nəzərə alsaq bu kifayət qədər böyük dövriyyə deməkdir”.
Pərvanə Fərhadqızı












