14 noyabr Diabetlə Beynəlxalq Mübarizə günüdür. Bu günün qeyd olunmasında məqsəd diabetlə bağlı qlobal məlumatlılığın artırılması və bu xəstəliyin inkişafının qarşısını almağın yollarını axtarmaqdan ibarətdir.
Endokrinoloq Aynur Muxtarova QHT.az- a açıqlamasında bildirib ki, bu xəstəlik ən çox yayılan xəstəliklər arasında üçüncü yerdədir və ölüm ehtimalı yüksək olan xəstəliklərdəndir: “Gedişatı ağır olmayan, lakin fəsadları ağır olan bir xəstəlikdir. Bu xəstəlik daha çox böyrəkləri zədələyir. Əgər hərəkətimizi artırsaq, idmanla məşğul olsaq, qidalanmamızda daha çox zülal tərkibə üstünlük versək, karbohidratlı qidalardan, çörək, şirniyyat və şəkərli məhsullardan uzaq dursaq, şəkərli diabetə tutulma riskini də azaltmış olarıq”.
Qeyd edək ki, fizioloq Fredrik Bantinq dostunun gənc yaşda dünyasını dəyişməsi ilə elmi axtarışlara başlayır. Axtarışlar uğurla başa çatır. 1922-ci ildə gənc alim, dostunun ölümünə səbəb olan eyni xəstəliyə düçar olmuş 14 yaşlı oğlanı müalicə edir və onun kəşfi bütün dünyada yayılır. Söhbət şəkərli diabetə qarşı yaradılan insulindən gedir. Bundan sonra kanadalı fizioloq Frederik Bantinqin doğum günü 14 noyabr, 1991-ci ildən etibarən təqvimə Şəkərli diabetlə Beynəlxalq mübarizə günü kimi salınıb.
Pərvanə Fərhadqızı












