“Vətənpərvərlik yönümlü ilk layihəmizdə Azərbaycançılıq məfkurəsini musiqinin dililə xronoloji formada təbliğ edilmişdi. Belə ki, övladın dünyaya gəlməsi, sevib-sevilməsi, vətənpərvərlik hissləri ilə böyüdüyünə görə vətənin dar günündə sevdiyi qıza toy günün qələbəyə qədər təxirə salınmasını deyərək döyüşə yollanması mesajı verilir. Sosial yönümlü layihəmiz olan “Ailə cizgiləri“ sosial video-çarxında övlad ailədə valideynlərini daim mübahisə etdiyini görərsə neqativliyə, alkoqalizmə, narkomaniyaya köklənə biləcəyi mesajı verilir”.

Bu sözləri “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov QHT.az –a açıqlamasında bildirib. Bəhram Nəsibovun mahnılarının not yazıları “Nəğmələrdə yaşayan ömür” 6 cildlik not kitablarının birinci cildi Musiqi Akademiyasının rəhbər heyətinin rəyi əsasında, ikinci cildi isə Milli Konservatoriyanın dərsliyi kimi çap edildiyini qeyd edən QHT sədri hər iki cild kitabxanalara, arxiv idarələrinə, Ali təhsil ocaqlarına, televiziyalarımıza, ansambllarımıza, Mədəniyyət Nazirliyinə təqdim edildiyini də vurğulayıb: “Hazırda kitabın digər cildləri üzərində işləyirik. Bu kitablarda əksəriyyəti ifa edilməmiş, rəngarəng mövzuları əks edən, Azərbaycan və dünya klassiklərinin şeirlərinə bəstələnmiş, romans, mahnı və marşlar daxil edilib. Kitablar dəsrlik vəsaiti kimi tədris edilir, mədəniyyətimizin zənginləşməsində xidmət göstərməkdədir”.

Azərbaycan tarixi, şəhidləri haqqında A-dan Z-yə bütün məlumatları əks etdirən “Faciəli təqvim tariximiz” 12 cildlik ensiklopedik kitablar şəhidlərimiz, faciələrimiz haqqında rəsmi mənbə kimi stolüstü kitaba çevrildiyini qeyd edən Adil Nəsibov bu kitabların da istənilməkdə olduğunu vurğulayıb: “12 cildliyin yenidən nəşri də planlarımız arasındadır. Bu kitablar da yuxarıda sadaladığımız qurumlara təqdim edilib. Zəngəzur dəhlizin açılışına ithaf edilmiş “Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları” araşdırma kitabında Ermənilər tərəfindən mənimsənilmiş, təhrif edilərək dəyişdirilmiş 43 yallımızın orginal variantının not yazıları, erməni plagiatları haqqında elmi araşdırmalar yer alıb. Bu kitab gələcəkdə Qərbi Azərbaycana qayıdış proqramının strategiyasında əhəmiyətli rol oynayacaq. Məhkəmə proseslərində bu kitabdan da mənbə kimi istifadə ediləcək. Bu kitab da yuxarıda sadaladığımız qurumlara təqdim edilib”.

Qeyd edək ki, “Azərbaycançılığın musiqili təqdimatı” jurnalınında Ulu Öndər Heydər Əliyev cənablarının şəxsiyyəti və apardığı uğurlu siyasəti müxtəlif istiqamətlərdən işıqlandırılıb. Milli Qurtuluş Günü, gənclər siyasəti, bayrağımız, Azərbaycan-Türkiyə münasibətləri, Milli Dirçəliş günü haqqında yazılmış və hələ ifa edilməmiş mahnı və marşlar ilk dəfə “Heydər Əliyev ili”ndə ictimaiyyətə çatdırılıb. Jurnalda YAP-ın informasiyaları, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqının rəyləri, Prezident Kitabxanasının təqdim etdiyi Ulu Öndərin hər mövzuya uyğun aforizmləri yer alıb. Bunula yanaşı mahnı və marşların mətni və not yazıları, hər mövzunun ruhunu əks etdirən, məxsusi olaraq jurnal üçün çəkilmiş rəsmlər, eləcə də fotolar yer alıb. QHT sədri jurnalın “Ağ ekran” effekti yaratdığını, oxucunun yazılı məlumatlar, mahnı və marşların mətnləri, not yazıları, rəsmlər və fotolar, aforizmlər, rəylərlə tanış olduqda hər dəfə fikrində bir neçə film-konsert canlandırdığını bidirib. Bu da tək büdcədə bir neçə layihənin icra edilməsi effekti yaratmış olur.

 

Pərvanə Fərhadqızı