"126 il öncə Yalamada sərhəddimizi pozaraq müstəqil dövlətimizi süquta uğradanlar onillər ərzində işğalı bizə "inqilab, xalqın dəvəti" kimi sırımağa çalışdılar. Ancaq əbədi "qələbə" çaldıqlarını düşünənlər cəmi 71 il sonra tarixin zibilliyinə tullandılar. Azərbaycan sözünün yanına zorla yapışdırılmış qondarma ifadələr atıldı və yenidən üçrəngli milli bayrağımız layiq olduğu yerə qaytarıldı".
QHT.az xəbər verir ki, bu sözləri “Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) sədri, siyasi analitik Elməddin Behbud söyləyib.
E.Behbud müəyyən siyasi və dini qüvvələrin Azərbaycan-Türkiyə qardaşlığına zərər vurmağa və iki tərəfin münasibətlərinə müdaxilə etməyə çalışdığını bildirib:
"Müstəqillik dövrümüzün tarixinə nəzər saldıqda görürük ki, Əzizbəyovun, Sultanovun, Musabəyovun, Axundovun, Bünyadzadənin, Əfəndiyevin fikir ardıcılları hələ də rahatlıq tapa bilmirlər. İndi də sərhəddin o biri üzündəki cübbəlilərlə birləşərək ürək bulandırmağa, könül yaralamağa, ayrısının pəncərəsindən içəri boylanmağa, tarixi minillikləri ötən qardaşlığa dil uzatmağa çalışırlar".
O, ölkənin gələcəkdə daha güclü dövlətə və firavan cəmiyyətə çevriləcəyinə inandığını bildirib:
"Ancaq inanıram ki, belələrinin əməyi zay olacaq. Çünki artıq 35 ildir ki, xalqımız dövlət müstəqilliyini bərpa edib. Tarixi bünövrənin üzərində möhkəm dövlətçilik institutu inşa edilib. Az qala Kürün sahilinə qədər gəlib çıxmış düşmən Ali Baş Komandanın rəhbərliyi ilə Göyçə gölünün bir neçə km-dək qovulub. İmzalar içərisində yenə də imzamız var. Müasir dövrdə döyüş meydanında birmənalı uğur qazanan, zəfər çalan bəlkə də yeganə dövlət olan Azərbaycanın qarşısında hazırda daha böyük hədəflər var. İnşallah müstəqil Azərbaycan o hədəflərə də çatacaq, daha güclü dövlət və daha firavan cəmiyyət quracağıq. Müstəqilliyimiz əbədi, birliyimiz və ayıqlığımız daimi olsun".












