Milli Məclisin deputatı Pərvanə Vəliyeva Ümumdünya Qadın Parlamentarilər Forumu çərçivəsində “Qadınların bütün sahələrdə təsir imkanlarının artırılmasında vətəndaşların, vətəndaş cəmiyyətinin və özəl sektorun rolu” mövzusunda keçirilən 4-cü panel sessiyasında iştirak edib.
QHT.az xəbər verir ki, deputat bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. O, sessiyada Özbəkistan, Qırğızıstan, Çin, Monqolustan, Qana və Uqandanı təmsil edən parlamentarilərlə fikir mübadiləsi apardığını bildirib.
Pərvanə Vəliyeva çıxışında Azərbaycanda qadınların imkanlarının genişləndirilməsində vətəndaş cəmiyyətinin rolundan və özəl sektorda həyata keçirilən fəaliyyətlərdən danışıb.
Deputatın sözlərinə görə, Azərbaycanda gender bərabərliyinin təmin edilməsi üçün möhkəm hüquqi baza formalaşdırılıb. O, Konstitusiyanın 25-ci maddəsinin və 2006-cı ildə qəbul edilmiş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun əhəmiyyətini vurğulayıb, 2026–2028-ci illər üzrə Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının qarşıdakı dövr üçün əlavə prioritetlər müəyyənləşdirdiyini qeyd edib.
Vətəndaş cəmiyyətinin bu prosesdə mühüm rol oynadığını bildirən Pərvanə Vəliyeva Azərbaycanda qeydiyyatdan keçmiş 438 QHT-yə qadınların rəhbərlik etdiyini, 162 təşkilatın isə qadın məsələləri və gender bərabərliyi sahəsində fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, bu təşkilatların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Milli Məclisin müvafiq komitəsi ilə əməkdaşlıq etdiyini, mütəmadi olaraq parlament dinləmələrinə dəvət olunduğunu bildirib.
Deputat qadın QHT-lərinin beynəlxalq əməkdaşlıq imkanlarına da toxunub. Onun təqdim etdiyi məlumata əsasən, qadınların rəhbərlik etdiyi 6 QHT BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) statusa malikdir. Həmçinin 4 qadın QHT-si BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında (UNFCCC), 2-si BMT-nin Ətraf Mühit Proqramı (UNEP), 2-si isə BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyası (UNCCD) üzrə müşahidəçi statusuna malikdir. Bu təşkilatların bir çoxu UN Women ilə də əməkdaşlıq edir.
Pərvanə Vəliyeva qadınların iqtisadi iştirakına dair göstəriciləri də açıqlayıb. Bildirib ki, Azərbaycanda qadınlar işləyən əhalinin 48,4 faizini təşkil edir. Qadınların fərdi sahibkarlar arasında payı 24 faiz, torpaq mülkiyyətçiləri arasında 26 faiz, subsidiya alan fermerlər arasında isə 22 faizdir. Həmkarlar ittifaqlarının seçkili orqanları üzvlərinin 66,2 faizi qadınlardır.
Deputat vurğulayıb ki, vətəndaş cəmiyyəti təşkilatları maarifləndirmə aparır, siyasət dəyişikliklərini təşviq edir, onların icrasına nəzarət edir və qadınlara praktiki dəstək göstərirlər. Bu təşkilatlar, eyni zamanda, dövlətlə cəmiyyət arasında mühüm əlaqələndirici rol oynayırlar.











