"17 oktyabr 2020-ci il tarixi Füzuli şəhərinin 27 illik işğaldan azad olunduğu gündür.  Füzulinin azadlığı uğrunda şəhid olanlara Allah rəhmət eləsin, qazilərə, veteranlara və ümumiyyətlə bu işdə zəhməti olanlara can sağlığı versin".

QHT.az xəbər verir ki, bu sözləri Minalar Əleyhinə Azərbaycan Kampaniya ictimai birliyinin sədri Hafiz Səfixanov söyləyib.

H.Səfixanovun sözlərinə görə, Füzuliyə qayıdış həsrəti ilə dünyasını dəyişən insanların xatirəsi ehtiramla yad edilir:

"Bu gün biz eyni zamanda Füzuliyə geri qayıdacaqlarını səbirsizliklə gözləyərək dünyasını dəyişən əzizlərimizi ehtiramla yad edirik, onların da ruhu şaddır".

Hafiz Səfixanov bildirib ki, Füzuli sakinləri doğma şəhərlərini və oradakı xatirələrini heç vaxt unutmayıblar:

"Biz heç vaxt Füzulini unutmadıq - evlərimiz, acılı - şirinli uşaqlıq xatirələrimiz, qonşularımız, küçələrimiz – hər şeyi olduğu kimi xatirələrimizdə yaşatdıq. Bir şəhərin tarixi təkcə daşlarda deyil, həm də insanların yaddaşında yaşayır".

Sədr vurğulayıb ki, Müstəqilliyin Bərpası Günü xalqımız üçün mühüm əhəmiyyət daşıyır.

Hafiz Səfixanov Füzuli Şəhəri Günü və Müstəqilliyin Bərpası Günü münasibətilə təbriklərini çatdıraraq ölkəmizə sülh və firavanlıq arzulayıb.

H.Səfixanov xalqımıza bir daha ağır günlər yaşanmamasını diləyib.

Sədr dövlətimizin, ordumuzun və xalqımızın daim var olmasını arzulayıb.