Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” çərçivəsində keçirilən təlimlər qeyri-hökumət təşkilatları sektoru üçün mühüm təcrübə mübadiləsi platformasına çevrilib. Proqramın təşkilatların peşəkar inkişafına, bilik və bacarıqlarının artırılmasına, eləcə də regionlarda fəaliyyət göstərən QHT-lərin imkanlarının genişləndirilməsinə töhfə verdiyi bildirilir.
Bu barədə açıqlamasında “Naxçıvan Şəhid Ailələri” İctiami Birliyinin üzvü Fərid Əkbərli bildirib ki, belə proqramlar QHT-lərin peşəkar inkişafında mühüm rol oynayır.
Onun sözlərinə görə, QHT Agentliyinin icraçı direktoru Aygün Əliyeva və İdarə Heyətinin sədr müavini Elnur Bağırlının proqrama göstərdiyi diqqət bu təşəbbüsün məqsədinin sadəcə tədbir keçirməkdən ibarət olmadığını, QHT-lərin real ehtiyaclarına cavab verməyə yönəldiyini göstərir.
“Rəhbərlik səviyyəsində belə yanaşma iştirakçılara da mühüm mesaj verir. Bu, xüsusilə regionlarda fəaliyyət göstərən və imkanlarının məhdudluğundan tez-tez şikayətlənən təşkilatlar üçün əlavə motivasiya mənbəyidir. 100-ə yaxın təşkilatın nümayəndəsinin iştirakı isə sektorda öyrənmək marağının nə qədər yüksək olduğunu təsdiqləyir. Rəqəmlərin arxasında insanlar, ideyalar və cəmiyyətə fayda vermək istəyi dayanır”, – deyə Fərid Əkbərli qeyd edib.
O bildirib ki, təlimçilər Anar Vəliyev və Orxan Nadirovun apardığı məşğələlər də xüsusi diqqətə layiqdir. Layihələrin hazırlanması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, icra mərhələlərinin planlaşdırılması, məlumatların toplanması və təhlili, hədəf qruplarının müəyyən edilməsi, sosial media və mühasibat uçotu kimi mövzular QHT-lərin fəaliyyətini ideyadan hesabatlılığa qədər bütöv şəkildə əhatə edir.
Fərid Əkbərlinin sözlərinə görə, çox vaxt QHT-lərin problemlərinin əsasında ideya çatışmazlığı deyil, həmin ideyanı sistemli şəkildə layihəyə çevirə bilməmək dayanır. Bu baxımdan təlimlərin məzmunu sektorun real ehtiyaclarına uyğundur.
O vurğulayıb ki, sosial media təşkilatın cəmiyyətlə canlı əlaqəsini təmin edir, düzgün mühasibat uçotu isə etibarın və şəffaflığın əsasını qoyur. Hesabatlılıq olmadan inamın, inam olmadan isə davamlı fəaliyyətin mümkün olmadığını bildirən Fərid Əkbərli bu istiqamətlərdə bilik və bacarıqların artırılmasının QHT-lər üçün əhəmiyyətini qeyd edib.
Fərid Əkbərli əlavə edib ki, təlimin sonunda uğur qazanan nümayəndələrə sertifikatların təqdim olunması da iştirakçılar üçün mühüm stimul yaradır. Bu, onların əməyinin qiymətləndirildiyini göstərməklə yanaşı, öyrəndiklərini öz təşkilatlarında daha məsuliyyətlə tətbiq etmələrinə şərait yaradır.
O xatırladıb ki, 2022-ci ildən etibarən Mingəçevir, Naftalan, Bakı, Naxçıvan, Şamaxı və Şuşada keçirilən proqramların davamı olaraq Lənkəranda təşkil edilən tədbir QHT sektorunda təcrübə mübadiləsinin daha da genişlənməsinə töhfə verib. Bu proqramlar çərçivəsində ümumilikdə 600-dən çox QHT nümayəndəsinin əhatə olunması sahənin inkişafı baxımından əhəmiyyətli göstəricidir.
Onun fikrincə, bu təcrübə QHT sektorunun inkişafının təkcə paytaxtla məhdudlaşmadığını, regionlarda fəaliyyət göstərən təşkilatlara da diqqət ayrıldığını nümayiş etdirir.
Fərid Əkbərli hesab edir ki, əsas məsələ təlimlər başa çatdıqdan sonra öyrənilən biliklərin real layihələrə çevrilməsi və cəmiyyətə fayda verməsidir. Bilik, əməkdaşlıq və məsuliyyət birləşdikdə, hətta kiçik bir təşkilat da böyük dəyişikliklərin başlanğıcını qoya bilər.












