"1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın bəhrəsi idi".
QHT.az xəbər verir ki, bu fikirləri “Prioritet” SİAM İctimai Birliyinin sədri Zaur İbrahimli bildirib.
Zaur İbrahimli Azərbaycanın suverenlik yolunda atdığı ilk addımlardan bəhs edib:
"1989-cu il sentyabrın 23-də Azərbaycan SSR Ali Soveti tərəfindən “Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında” Konstitusiya Qanunu qəbul edilmişdi. Bu qanun Azərbaycan SSR-ni öz statusuna görə SSRİ tərkibində suveren respublika (dövlət) kimi müəyyən edirdi".
Z. İbrahimlinin sözlərinə görə, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası istiqamətində mühüm addımlar atılıb:
"90-cı illərin əvvəllərindən başlayaraq Azərbaycan Respublikasının müstəqil dövlət olmasına doğru ilk addımlar atıldı. Belə ki, 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının Ali Soveti özünün növbədənkənar sessiyasında bəyannamə qəbul etdi. Bu bəyannamə 1918-ci ildən 1920-ci ilədək müstəqil dövlət kimi mövcud olan, beynəlxalq birlik tərəfindən müstəqil dövlət kimi tanınan Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan etdi".
Zaur İbrahimli vurğulayıb ki, dövlət müstəqilliyinin bərpası haqqında qəbul edilən sənədlər Azərbaycan xalqının uzunillik mübarizəsinin nəticəsi olub:
"Bəyannamədən sonra Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etdi. Bu akt əsasında müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun siyasi və iqtisadi əsasları təsis olundu. Azərbaycan Respublikası rəsmi surətdə müstəqil dövlət elan edildi".
Z. İbrahimli Müstəqilliyin Bərpası Günü münasibətilə təbriklərini çatdıraraq Azərbaycanın müstəqilliyinin qorunmasını diləyib.












