"Ölkədə o qədər problem var ki, saysan, bitməz. Bu problemlər həyatımızın hər sahəsində mövcuddur. Amma nədənsə çoxları bu problemlərə qarşı açıq etiraz etməyə cəsarət etmir".
QHT.az xəbər verir ki, bu fikirləri Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova söyləyib.
Səbinə Kərimova məktəblərdə hicabla bağlı paylaşımına görə tənqidlərlə üzləşdiyini bildirib.
S.Kərimova fərqli fikrin düşmənçilik kimi qiymətləndirilməsini və insanın mövqeyinə görə kafir adlandırılmasını sual altına alıb:
"Məgər fərqli fikir söyləmək düşmənçilikdir? Məgər bir məsələyə münasibət bildirmək insanı kafir edir? Əgər sizin müsəlmanlığınız fərqli düşünən insanı təhqir etməkdən, körpə uşaqları qorxu və təzyiq altında saxlamaqdan ibarətdirsə, mən belə bir müsəlmanlıq anlayışını qəbul etmirəm və müsəlman olmuram!"
S.Kərimova cəmiyyətdəki digər problemlərə də eyni həssaslıqla yanaşılmasının vacibliyini qeyd edib:
"Ölkədə bu qədər ciddi problem varkən niyə heç biri gözünüzə görünmür? Niyə sosial problemlərə, insanların çətinliklərinə, uşaqların təhlükəsizliyinə eyni həssaslıqla yanaşmırsınız? Niyə bütün diqqətiniz məktəbli uşaqlara aid olmayan bir hicab məsələsinə yönəlib?"
Səbinə Kərimova məktəblərdə bərabərlik prinsipinin qorunmasının vacibliyini diqqətə çatdırıb.
S.Kərimova cəmiyyətdə qarşıdurma yaradılmasının heç kimə fayda vermədiyini vurğulayıb:
"Cəmiyyətdə nifaq yaratmaq, insanları bir-birinə düşmən etmək heç kimə xeyir gətirməz. Ölkəmizin sakitliyini və sabitliyini qorumaq hər birimizin məsuliyyətidir. Fərqli fikirlərə görə insanları düşmən elan etmək isə nə insanlığa, nə də mənəviyyata yaraşır".
Səbinə Kərimova heç kimin inancına müdaxilə etmədiyini və öz fikrini ifadə etmək hüququna malik olduğunu bildirib.
S.Kərimova onu mühakimə edən şəxsləri Allaha həvalə etdiyini, əsl imanın insanın davranışlarında təzahür etdiyini qeyd edib:
"Məni qınayanları və öz aləmlərində mühakimə edənləri Allaha həvalə edirəm. Qoy hər kəs öz imanı ilə yanaşı, vicdanı ilə sınaq olunsun. Çünki əsl iman hicabda deyil, insanın davranışında, mərhəmətində, ədalətində və başqasının haqqına hörmətində görünür".
Səbinə Kərimova açıqlamasının sonunda dini dəyərlərdən sui-istifadə edənlərə münasibətini sərt şəkildə ifadə edib:
"Saxtakar kafir dinin arxasında gizlənib Allahı aldatdığını sanar, unudar ki, Allah qəlbləri də, əməlləri də görür!"












