Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli işğaldan azad olunmuş ərazilərə qayıdış prosesində ən kritik məqamın məşğulluq məsələlərinin həlli olduğunu bildirib.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, dövlət proqramı çərçivəsində bölgələrdə bərpa və təminat işləri uğurla icra edilsə də, keçmiş məcburi köçkünlərin uzunmüddətli məskunlaşması üçün evlərlə yanaşı iş yerlərinin də yaradılması əsas şərtdir. Əkrəm Bəydəmirli qeyd edib ki, iş yerlərinin olmaması bölgədə müəyyən boşluqlar yarada və qayıdan insanların davamlı yaşayışını çətinləşdirə bilər. Bu səbəbdən həm dövlət, həm də özəl sektor tərəfindən yeni məşğulluq imkanlarının formalaşdırılması vacib hesab olunur.
"Vətəndaş cəmiyyəti institutları da prosesə mühüm töhfə verə bilər: sahibkarlıqla məşğul olmaq istəyən sakinlər üçün təlimlər, biznes bacarıqlarının artırılması proqramları və maarifləndirici təşəbbüslər həyata keçirmək mümkündür. Son illər müxtəlif QHT-lər tərəfindən bu istiqamətdə müsbət fəaliyyətlər müşahidə olunur və tendensiya davam etdirilməlidir. Ağdama və digər regionlara qayıdışın uğuru insanların rahat və davamlı yaşayışını təmin edən məşğulluq imkanlarının genişlənməsindən asılıdır. Dövlət qurumları ilə QHT-lərin bu sahədə birgə fəaliyyəti isə prosesin səmərəliliyini artıracaq".
Pərvanə Fərhadqızı












