Yeni Azərbaycan Partiyasının 33 illik yolu
21 noyabr 1992-ci il tarixi Azərbaycan ictimai-siyasi həyatının ən əlamətdar, ən şərəfli səhifələrindən biridir. Məhz həmin gün, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil ölkəmizin inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyası yaranıb. Məhz, 33 il əvvəl xalqın ictimai-siyasi, mədəni-mənəvi və intellektual intibahında əvəzsiz yeri olan Yeni Azərbaycan Partiyası bir siyasi təşkilat kimi təşəkkül tapmağa başlayıb.
Əslində, YAP-ın 33 illik fəaliyyəti, müstəqil Azərbaycanın yeni tarixini əks etdirir. Partiya yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu və demokratik inkişaf prosesində yaxından iştirak edib, müstəqil Azərbaycanın yüksəlişinə, tərəqqisinə öz töhfələrini verib. 1991-ci ildə bərpa edilmiş dövlət müstəqilliyinin ilk illərinin ictimai-siyasi mənzərəsinə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövləti üçün taleyüklü məsələlərin həlli məhz lider amili, onun fenomenal fəaliyyəti, qətiyyətli və uğurlu siyasəti, xalq-iqtidar birliyi sayəsində mümkün olmuşdur. Bu, heç şübhəsiz, öz tarixi köklərinə bağlı olan, istiqlal-müstəqillik idealını milli və siyasi dəyər kimi rəhbər tutan, bu yolda güclü əzm, iradə göstərən və sarsılmaz mübarizə nümunəsi yaradan bir xalqın üstünlüyüdür.
Sirus Səfərov,
Masallı rayonu, Qodman kənd sakini












