Regional Gender Mərkəzi İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova QHT.az-a açıqlamasında Azərbaycanda gender bərabərliyinin hüquqi çərçivə və faktiki imkanlar baxımından əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, qadın və kişilərin hüquq bərabərliyi Konstitusiya, “Gender bərabərliyi haqqında” qanun, eləcə də Ailə və Əmək Məcəllələri ilə təsdiqlənsə də, bu bərabərliyin gündəlik həyatda tam təmin edilməsi hələ də aktual məsələ olaraq qalır:

"Hüquqi müstəvidə təsdiqlənən bərabərlik gender bərabərliyinin təməl elementlərindən biridir. Lakin, gender bərabərliyi həm də bərabər imkanlar və bərabər iştirak səviyyəsində təmin edilməlidir. Dünyanın bir çox dövlətlərində olduğu kimi Azərbaycanda da imkanlar və iştirak səviyyəsində gender bərabərliyi hələ də hədəf olaraq qalır. Təhsildən sahibkarlığa qədər, yeni texnologiyalardan səhiyyə xidmətlərinə qədər bütün sahələrdə təəssüf ki, qadın və kişilər hələ də bərabər mövqelərdə deyil. Həyatın müxtəlif sahələrində həm qadınlar, həm də kişilər qeyri-bərabər imkanların, gender stereotiplərinin və gender-əsaslı ayrı-seçkiliyin yaratdığı məhdudiyyət və təzyiqlərlə rastlaşa bilər. Lakin, qadın və qızlara bu qadağalar və təzyiqlər xüsusilə ağır şəkildə tətbiq edilir. Bu səbəbdən müxtəlif sahələrə aid siyasətlərin gender bərabərsizliyindən irəli gələn problemləri nəzərə alması xüsusilə vacibdir".

 

Pərvanə Fərhadqızı