Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva Ağdam Şəhəri Günü münasibətilə bölgənin tarixi, müasir inkişaf mərhələsi və xüsusilə qadınların roluna dair QHT.az-a açıqlama verib.
Onun sözlərinə görə, Ağdam tarixən Azərbaycanın ən gözəl və inkişaf etmiş şəhərlərindən biri olub. 1993-cü ildə Ermənistan tərəfindən işğal olunsa da, 2020-ci ildə şəhər bir nəfər belə şəhid verilmədən, düşmənin təslim olması nəticəsində geri qayıdıb. Zenfira Mustafayeva qeyd edib ki, Ağdam həm mədəniyyəti, həm sənətkar və ziyalıları, həm də cəsur insanları ilə hər zaman seçilib:
“Ağdam cənab Prezidentimizin diqqət və qayğısı ilə yenidən bərpa edilir və daha müasir, yaraşıqlı görkəm almağa başlayıb. Ağdam xanımları çox zəhmətkeş, bacarıqlı və milli adət-ənənələrimizi qoruyub saxlayan insanlardır. Onlar bacarıqlı ustalardır — dərzi, xalçaçı, şirniyyatçı və s. kimi əl qabiliyyətlərinə malikdirlər. Yeni nəsil xanımlar müxtəlif kurslara cəlb olunmaqla bu sahədə daha da inkişaf ediblər. Bilirik ki, vətənlərinə, doğma şəhərlərinə qayıtdıqdan sonra öz bizneslərini yaradaraq sahibkarlıqla məşğul olacaqlar. Onlar həm Sosial Məşğulluq Agentliyi, həm də QHT Agentliyinin maliyyə dəstəyi ilə QHT-lər tərəfindən təşkil olunan kurslara cəlb olunub və olunurlar. Həmçinin bizneslərini yaratmaq üçün təşkilatımız tərəfindən hüquqi maarifləndirmə təlimlərinə çəkiliblər. Xanımlarımız Ağdamın inkişafı və gələcək firavanlığına öz töhfələrini verəcəklər.”
Pərvanə Fərhadqızı












