Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü amnistiya təşəbbüsü cəmiyyətimizdə geniş müzakirələrə səbəb olub.

QHT.az xəbər verir ki, jurnalist və “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri Firuzə İskəndərova hesab edir ki, bu təşəbbüs yalnız hüquqi qərar deyil, dərin humanist məzmun daşıyan dövlət siyasətinin bariz nümunəsidir.

“Amnistiya anlayışı bəzən cəmiyyətdə yanlış dəyərləndirilir. Halbuki, bu addım cəzanın məqsədinin intiqam yox, islah və yenidənqurma olduğunu bir daha xatırladır. Dövlətin gücü yalnız sərt qanunlarla deyil, eyni zamanda mərhəmət, ədalət və sosial məsuliyyətlə ölçülür. Prezidentin bu təşəbbüsü məhz həmin balansın qorunduğunu göstərir.”

Onum fikrincə, amnistiya aktı minlərlə ailə üçün yeni bir ümid deməkdir. Bu, valideynlərin övladlarına qovuşması, ailə bağlarının bərpası, cəmiyyətin isə öz üzvlərini yenidən qəbul etməsi anlamına gəlir. Bu proses təkcə azadlığa çıxan şəxslər üçün deyil, bütövlükdə cəmiyyətin mənəvi sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır.

“Xüsusilə qadın məhkumlarla bağlı məsələyə diqqət çəkmək istəyirəm. Uzun illərdir ictimai birlik rəhbəri kimi bu sahədə çalışarkən şahidi olmuşam ki, qadınların cəmiyyətə qayıdışı yalnız fərdi məsələ deyil. Bu, uşaqların taleyi, ailələrin gələcəyi və sosial mühitin formalaşması ilə birbaşa bağlıdır. Amnistiya təşəbbüsü qadınların sosial adaptasiyası üçün yeni imkanlar yaradır və onların yenidən cəmiyyətə inteqrasiyasını sürətləndirir.”

Jurnalist və QHT sədri bildirir ki, bu təşəbbüs eyni zamanda cəmiyyətə verilən açıq mesajdır: Azərbaycan dövləti öz vətəndaşını itirmir, onu yenidən qazanmağa çalışır. Bu yanaşma hüquqi dövlət prinsipləri ilə yanaşı, milli-mənəvi dəyərlərimizə də tam uyğundur:

"Nəticə etibarilə, Prezidentin amnistiya təşəbbüsü cəzanın deyil, insanın ön planda olduğu bir idarəçilik fəlsəfəsinin təzahürüdür. Bu cür addımlar dövlətlə vətəndaş arasında etimadı möhkəmləndirir, cəmiyyətin daha ədalətli və humanist inkişafına xidmət edir. Bu təşəbbüs uzunmüddətli perspektivdə həm sosial sabitliyə, həm də ictimai barışa mühüm töhfə verəcək".