Apple süni intellekt əməliyyatları üçün istifadə etdiyi şəxsi bulud serverlərində M2 Ultra prosessorlarından yeni nəsil M5 çiplərinə keçməyə hazırlaşır.

QHT.az xarici mediaya istinadən bildirir ki, şirkətin Apple Intelligence istifadəçilərinin mürəkkəb süni intellekt sorğularını emal etmək üçün qurduğu Private Cloud Compute (PCC) sistemlərində yeni M5 çipli serverlərin istehsalına başlanılıb.

Məlumata əsasən, M5 çipli serverlərin hazırlanması üzrə işlər fevral ayında başlayıb və sistemlərin ABŞ-ın Hyuston şəhərində istehsal edildiyi bildirilir. Yeni serverlərin modul quruluşa malik olacağı və fasiləsiz işləmə prinsipi əsasında hazırlanacağı qeyd edilir.

M5 çiplərinin daha güclü Ultra versiyalarından fərqli olaraq enerji səmərəliliyinə fokuslanması gözlənilir. Bu yanaşmanın Apple-a istilik problemlərini artırmadan daha çox çipi eyni sistemdə yerləşdirməyə imkan verəcəyi ehtimal olunur.

Apple-ın süni intellekt serverləri üçün hazırda M2 Ultra əsaslı sistemlərdən istifadə etdiyi bildirilir. Şirkətin daha əvvəl M3 Ultra və M4 çiplərinə keçəcəyi iddia edilsə də, bu keçidin baş vermədiyi qeyd olunur.

Apple eyni zamanda süni intellekt yükünün bir hissəsini azaltmaq üçün Nvidia Blackwell sürətləndiricilərindən istifadə edən Google Cloud infrastrukturundan da yararlanır. Yeni M5 serverlərinin bu dəstəyə nə dərəcədə ehtiyacı azaldacağı isə hələlik məlum deyil.