Mədə problemləri yalnız qarın ağrısı və həzm narahatlığı ilə özünü göstərməyə bilər. Mütəxəssislər bəzi hallarda baş ağrısı, yorğunluq, başgicəllənmə və yuxu pozğunluğunun da həzm sistemi ilə əlaqəli ola biləcəyini bildirirlər.

QHT.az xarici mediaya istinadən xəbər verir ki, qastroenterologiya mütəxəssisi Prof. Dr. Resul Kahramanın sözlərinə görə, mədə problemləri zamanı səs xırıltısı, boğazda yanma və qıcıqlanma, xroniki öskürək, ağızda acı və ya turş dad, ağız qoxusu, başgicəllənmə, baş ağrısı, yorğunluq və diqqət pozğunluğu kimi əlamətlər müşahidə oluna bilər.

Mütəxəssis bu simptomların reflüks, qastrit, Helicobacter pylori infeksiyası, mədə və ya onikibarmaq bağırsaq xorası, mədənin gec boşalması və öd reflüksü kimi problemlərlə əlaqəli ola biləcəyini qeyd edib.

Onun sözlərinə görə, mədə qıcıqlanması vagus siniri vasitəsilə beyinə siqnallar göndərərək ürəkbulanma və başgicəllənməyə səbəb ola bilər. Helicobacter pylori infeksiyası və xroniki qastrit isə B12 vitamininin sorulmasına təsir göstərərək baş ağrısı və digər narahatlıqlara yol aça bilər.

Mütəxəssis xüsusilə davamlı baş ağrısı, başgicəllənmə, öskürək və boğazda yanma kimi şikayətləri olan şəxslərin həzm sistemi ilə bağlı problemlərin də qiymətləndirilməsinin vacib olduğunu vurğulayıb.

Qeyd: Baş ağrısının çoxsaylı səbəbləri ola bilər. Bu simptomların mədə problemi ilə əlaqəli olması hər bir halda keçərli deyil və davamlı şikayətlər zamanı həkim müayinəsi vacibdir.