Ukraynanın Xerson şəhərində Qızıl Xaça məxsus humanitar yardım anbarına pilotsuz uçuş aparatı ilə hücum nəticəsində yanğın baş verib. Hadisə zamanı anbarda saxlanılan təxminən 28 milyon qrivna (627 min dollar) dəyərində humanitar yardım zədələnib və ya məhv olub.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Qızıl Xaç Cəmiyyətinin məlumatına görə, 23 avqust axşamı baş verən hücumdan sonra anbarda yanğın başlayıb. Məhv olan və zədələnən yardım ləvazimatları arasında payız-qış mövsümünə hazırlıq üçün avadanlıqlar, zədələnmiş binaların müvəqqəti örtülməsi üçün materiallar, tibbi ləvazimatlar, yorğanlar, gigiyena dəstləri, su və elektrik təminatı üçün avadanlıqlar olub.
Təşkilatın əməkdaşları və könüllüləri arasında xəsarət alan olmayıb. Qızıl Xaç Cəmiyyəti anbarın itirilməsinə baxmayaraq Xerson və ətraf bölgələrdə fəaliyyətini davam etdirdiyini açıqlayıb.
25 avqust tarixində yayımlanan xarici media materiallarında qeyd olunub ki, məhv edilən yardım ehtiyatları hücumların nəticələrinin aradan qaldırılması və yerli əhaliyə təcili humanitar dəstəyin göstərilməsi üçün nəzərdə tutulmuşdu.












