Dünən Azərbaycanda ali məktəblərə qəbulun nəticələri açıqlanıb. Nəticələrin elan olunmasından sonra tanınmış ictimai şəxslərin övladlarının və nəvələrinin də hansı universitetlərə qəbul olduğu diqqət çəkib.
QHT.az-ın əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə edilən paylaşımlardan məlum olur ki, bir sıra QHT rəhbərlərinin və ictimai şəxslərin ailələrində də bu il tələbə sevinci yaşanıb.
Müvəkkil Hüquq Mərkəzinin sədri, tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun oğlu Mustafa Vəkilov Mingəçevir Dövlət Universitetinin Kompüter elmləri ixtisasına qəbul olub. Səməd Vəkilov oğlunun uğurunu sosial şəbəkədə paylaşaraq onu təbrik edib.
Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri, hüquqşünas Fariz Əkbərovun oğlu Əkbər Əkbərzadə Macarıstanın Budapeşt Korvinus Universitetinə qəbul olunub. Qeyd edək ki, Əkbər Əkbərzadə bakalavr təhsilini “Business and Management” ixtisası üzrə alacaq.
Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayevanın nəvəsi Bakı Dövlət Universitetinə qəbul olub. O, ingilis dili üzrə təhsil alacaq.
“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyevin övladı da tələbə adını qazanıb. Belə ki, o Slavyan Universitetinə qəbul olub.
QHT sədri İndira Şəmsivərinin nəvəsi Nihad isə Azərbaycan Texnologiya Universitetinin İT fakültəsinə dövlət sifarişi əsasında qəbul olub.
Bundan başqa, Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin sədri Murad Ağalarovun qızı da Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olub.
D. Əliyeva adına AQHMC Cənub Regional İctimai Birliyinin sədri Tünzalə Qardaşovanın oğlu Ziya Azərbaycan Dövlət Neft Və Sənaye Universitetinə qəbul olub.
Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilovun oğlu Cəlal Xəlilov dövlət proqramı ilə Türkiyə Jandarma Akademiyasına qəbul olub.
Bildirək ki, onlar arasında həm Azərbaycanın aparıcı universitetlərini, həm də xarici ali məktəbləri seçənlər var.
Fatimə Məmmədova












