EAPCA (Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası) Birləşmiş Millətlər Təşkilatının Baş katibliyinə müraciət ünvanlamışdır.

QHT.az xəbər verir ki, Qurumun Baş katibi Sahil Qasımovun imzaladığı müraciətdə EAPCA-nın yaranma tarixi, strukturu və məqsədləri barədə ətraflı məlumat verilir. Məlumatda bildirilir ki, EAPCA transmilli təşkilat olaraq bu coğrafiyada fəaliyyət göstərən onlarla diaspor və lobbi təşkilatları tərəfindən Niderland Krallığının rəsmi dairələrində qeydiyyatdan keçərək beynəlxalq status qazanmışdır.

Avropanın paytaxtı Brüsseldə təsis olunduğu gündən etibarən EAPCA Azərbaycan həqiqətlərinin Avro-Atlantik məkanında geniş tanıdılmasında, Qərbi Azərbaycandan və öz torpaqlarından qovulmuş azərbaycanlıların fundamental hüquqlarının müdafiəsində, beynəlxalq arenada Azərbaycan dövlətinin, dövlətçiliyinin və siyasi kursunun dəstəklənməsində mühüm rol oynayan təşkilata çevrilmişdir.

EAPCA beynəlxalq təşkilatlarla əməkdaşlığa və dünyada sülhün bərqərar olunmasında birgə səylər göstərməyə çağırır. Müraciətdə qeyd olunur ki, Qurumun rəhbərliyi artıq dəfələrlə BMT-də, UNESCO-da, Avropa Parlamentində, ATƏT-in Varşava ofisində tədbirlər həyata keçirmişdir.

Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası BMT ilə yanaşı, rəsmi müraciətini digər beynəlxalq təşkilatlara – o cümlədən Avropa Parlamenti, BMT-nin Cenevrə ofisi, UNESCO, ATƏT və bir sıra digər qurumlara da ünvanlamışdır.