Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyinin birgə təşkilatçılığı ilə 25 aprel - Sahibkarlar Gününə həsr olunmuş tədbir keçirilib.

 

QHT.az  xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra AQSİA-nın fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

 

Tədbirdə çıxış edən AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva Prezident İlham Əliyevin tövsiyəsi ilə assosiasiyanın üç qurumun təşkilatçılığı ilə yarandığını bildirib.

 

Onun sözlərinə görə, assosiasiyanın yaranmasında məqsəd ölkədə lider qadınlarımızın işgüzar birliyinin bir çətir altında birləşməsidir. Əsas məqsədlərdən biri də iqtisadi platformadır ki, qadınları bu platformada daim görmək, onların arzularını eşitmək istədikləri məhsulun bazar rəqabətliliyinin araşdırılması üçün dialoqların aparılmasıdır: “Dövlətin sahibkara yaradılan mühiti genişləndirmək üçün texnoparkların yaradılması, vergi güzəştləri, eyni zamanda yoxlama hallarının olmaması bunların hamısı sahibkara yaradılan çox gözəl bir şəraitdir. Sahibkar qadınlarımızın sayı günü-gündən artır. 1600-ə yaxın keçirilmiş tədbirlərimizdə əsasən bölgələrdə yaşayan sahibkar qadınlarımıza həm təlim-tədrisin gücləndirilməsi, məhsul brendinin yaradılması, xarici iqtisadi əlaqələrin birləşdirilməsi və müxtəlif təşkilatlarla qadınların birliyinin yaradılmasıdır. Hazırda biz 37 ölkə ilə memorandumlar imzalamışıq”.

 

S.Babayeva qeyd edib ki, bu günlərdə sərhədyanı bölgələrimizdə qadınlarımızın həm rəqəmsal iqtisadiyyatda təminatı, eyni zamanda ailə institutları ilə bərabər onlara korporativlərin yaradılması istiqamətində işlər görülür.

 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov 44 günlük Vətən müharibəsində xalqımızın bir yumruq kimi birləşdiyini və ən başlıca aparıcı qüvvə olan Azərbaycan qadınının müharibədə göstərdiyi şücaəti xüsusilə vurğuladı.

 

B.Məhərrəmov, həmçinin əlavə edib ki, bu gün ölkə iqtisadiyyatının yeni reallığa uyğun inkişafında, milli prioritetlərə doğru dayanmadan əzmlə irəliləməyimizdə, eləcə də işğaldan azad edilmiş bölgələrimizdə quruculuq bərpa işlərində xanım sahibkarlarımız böyük iradə nümayiş etdirirlər.

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxışında qadın sahibkarlığın əhəmiyyəti və assosiasiyanın bu inkişaf yolunda göstərdiyi xidmətlərin təqdirəlayiq olunduğunu diqqətə çatdırıb.

 

Qazaxıstanın Atameken təşkilatının nümayəndəsi Saltanat Abdikarimova AQSİA nümayəndələrinə dəvətə görə təşəkkürünü bildirib və qeyd edib ki, Qazaxıstanda AQSİA-nın iş təcrübəsi və iş mexanizmləri haqqında geniş məlumat almaq üçün Bakıya gəlib.

 

Sonra AQSİA-nın üzvü olan sahibkarlara, tədbir iştirakçıları olan xanımlara və media nümayəndələrinə təşəkkürnamələr təqdim olunub. Mükafatlandırılanlar arasında AZƏRTAC-da yer alıb.