Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında növbəti görüşün nə vaxt olacağı ilə bağlı hələlik məlumat yoxdur.
QHT. az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, Bakı və İrəvan arasında sülh danışıqları istiqamətində proses davam edir:
“Hazırda proses davam edir. Xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Belçika Krallığının xarici işlər, Avropa işləri, xarici ticarət və federal mədəni institutlar naziri Xədicə Labiblə birgə keçirdiyi mətbuat konfransında da bu məsələyə toxunub. Yeni görüşlər barədə isə hazırda məlumat yoxdur”, - A.Hacızadə vurğulayıb.
XİN rəsmisi Ermənistanın sülh sazişi ilə bağlı Azərbaycana yeni təkliflər verdiyini təsdiqləyib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının sonuncu görüşü iyulun 25-də Moskvada baş tutub.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 24-də hökumətin iclasında deyib ki, Ermənistan Azərbaycana sülh sazişinin imzalanması ilə bağlı yeni təkliflər verib.












