1992-ci ildən etibarən hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir.

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında bildirib ki, təşkilatın nəzdində fəaliyyət göstərən reabilitasiya mərkəzinə müxtəlif psixoloji problemlərlə üzləşən insanlar müraciət edirlər.

Onun sözlərinə görə, bu problemlərin əsas səbəbləri sevgi çatışmazlığı, tənhalıq, ailə yükü, zorakılıq halları, cəmiyyətdə baş verən sosial dəyişikliklər və müharibələrdir.

“Bizə müraciət edən şəxslərə psixoloq tərəfindən ardıcıl fərdi seanslar, qrup terapiyaları və digər dəstək formaları göstərilir. Bu gün insanlar telefonlara həddindən artıq aludə olduqlarından yaxınları, dostları, rəfiqələri ilə ünsiyyətdən qaçır, nəticədə tədricən tənhalığa qapılırlar. Diqqətsizlik və ünsiyyətin azalması insanlara mənfi təsir göstərir. Bəzən insanlar dərdlərini bölüşməyə kimsə tapmadıqları üçün öz-özləri ilə danışmağa başlayırlar.”

Zenfira Mustafayeva sonda çağırış edərək bildirib ki, cəmiyyətdə insanlar bir-birinə diqqət və sevgi göstərməli, ünsiyyətdən qaçmamalıdırlar:

“Bir-birimizə qayğı, diqqət göstərsək, bir-birimizə baş çəksək, qonaq getsək, sevgi dolu münasibət qursaq, məncə, psixoloji problemlərimiz də azalacaq.”

 

Pərvanə Fərhadqızı