“Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova QHT.az-a açıqlamasında müharibə iştirakçıları və şəhid ailələrinin yaşadığı psixoloji çətinliklərə diqqət çəkib.
Ceyran Həsənova bildirib ki, müharibədən sonra qazilərimiz çox ağır travmalarla üzləşiblər. “Müharibə zamanı gözlərinin qarşısında silahdaşlarının və dostlarının şəhid olması, müxtəlif qəzaları görmək onların ağır stress və psixoloji travma almasına səbəb olub,” – deyə o qeyd edib.
O vurğulayıb ki, travma yaşamış şəxslərə daim psixoloji dəstək göstərilməli, onların cəmiyyətə adaptasiyası üçün ciddi işlər aparılmalıdır. “Hal-hazırda intihara meyilli iştirakçılar var. Onlara psixoloji yardım göstərilməlidir. Əsas məqsəd travmanı daha da gücləndirmək yox, onu aradan qaldırmaqdır,” – deyə Ceyran Həsənova əlavə edib.
İctimai birliyin sədri həmçinin qeyri-hökumət təşkilatları və fərdi şəxslərə bu sahədə fəaliyyət göstərən hər kəsə uğurlar arzulayıb və 10 Oktyabr – Dünya Psixi Sağlamlıq Günü münasibətilə travma yaşamış şəxslərə can sağlığı diləyib.
Pərvanə Fərhadqızı












