“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin sədri Vüsalə Sadıqova (Qələndərli) QHT.az-a açıqlamasında bildirib ki, Zəfər Günü Azərbaycan xalqı üçün sadəcə bir tarix deyil, möhtəşəm birliyin, mübarizə əzminin və milli ruhun təntənəsidir.

Onun sözlərinə görə, 8 Noyabr Zəfəri bütün dünyaya göstərdi ki, xalq öz dövlətinə, ordusuna və liderinə inandıqda, qarşısında heç bir maneə dayana bilməz:

“Bu qələbə minlərlə şəhidimizin canı, qazilərimizin fədakarlığı və hər bir azərbaycanlının ürəyində yanan vətən sevgisi sayəsində qazanılıb. Zəfər Günü təkcə qürur deyil, həm də məsuliyyətdir — bu qələbəni qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək məsuliyyəti. Zəfər ruhunu yalnız bayram günlərində deyil, hər gün, hər addımda hiss etməli, onu həyat tərzinə çevirməliyik.Bu baxımdan, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi olduqca vacibdir. Gənclərimiz bilməlidir ki, bu torpaqlar hansı çətinliklərlə, hansı qəhrəmanlıqlarla qorunub. QHT-lər bu istiqamətdə önəmli bir güc mərkəzinə çevrilməlidirlər. Onlar məktəblərdə, universitetlərdə, mədəniyyət ocaqlarında maarifləndirici tədbirlər təşkil etməli, şəhid ailələri və qazilərlə bağlı sosial layihələr həyata keçirməlidirlər.”

QHT sədri vurğulayıb ki, biz “İstedadları Tanıyaq və Tanıdaq” ictimai birliyi olaraq bu istiqamətdə fəal çalışırıq. Sonda Vüsalə Sadıqova bildirib ki, şəhidlərin xatirəsini yaşatmaq, qazilərə hörmətlə yanaşmaq və Zəfər ruhunu gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının müqəddəs borcudur:

"Layihələrimizdə gəncləri milli ruhda formalaşdırmaq, onların istedadını Vətənə xidmət istiqamətində yönləndirmək əsas məqsədimizdir. Şəhid ailələri və qazilərlə mütəmadi görüşlər keçirir, onların cəmiyyətə inteqrasiyası, sosial rifahı və mənəvi dəstəyi üçün bir sıra təşəbbüslər irəli sürürük. Zəfər bizim gücümüzdür, birliyimizin rəmzidir və gələcəyə inamımızın ən parlaq ifadəsidir!"

 

Pərvanə Fərhadqızı