“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Zəfər Günü ilə bağlı açıqlamasında bildirib ki, bu tarix Azərbaycan xalqının milli qürurunun, birliyinin və azadlıq ruhunun ən ali təcəssümüdür.
Onun sözlərinə görə, Zəfər Günü həm də şəhid və qazilərin fədakarlığını, xalqın yenilməzliyini və birliyini nümayiş etdirən mənəvi zirvədir:
“Zəfərin qazanılmasında əməyi olan hər bir qəhrəmanın xatirəsini əbədiləşdirmək, bu qəhrəmanlıq ruhunu gələcək nəsillərə ötürmək məqsədilə həyata keçirilən layihələr milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, “Orta əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Ağsu rayonu Gəgəli bələdiyyəsi və “Miras” İctimai Birliyi birgə şəkildə “Zəfər qəhrəmanları” sərgisi və “Ağsu şəhidləri. Zəfər qəhrəmanları” kitab-albomu layihəsini reallaşdırıb".
QHT sədri bildirib ki, Ağsuda keçirilən sərgidə Birinci və İkinci Qarabağ müharibələrinin şəhid və qazilərinə məxsus geyimlər, sənədlər, fotolar və şəxsi əşyalar nümayiş etdirilib. Qoruq əməkdaşları və ictimai birlik üzvləri şəhid ailələrinin evlərini ziyarət edərək onların xatirələrini toplayıblar.
"Eyni zamanda Milli Azərbaycan Tarixi Muzeyində təqdim olunan kitab-albom bu işin elmi və mədəni davamı kimi təqdim olunub. Nəşr iki dildə — Azərbaycan və ingilis dillərində hazırlanaraq şəhidlərin həyat hekayələrini və tərcümeyi-hallarını dünya ictimaiyyətinə çatdırır".
Fariz Xəlilli əlavə edib ki, “Miras” İctimai Birliyinin fəaliyyəti bununla məhdudlaşmır. Qurum İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsinin — Azərbaycan mədəni irsinin sonuncu qalığının tədqiqi və qorunması istiqamətində araşdırmalar aparır.
“Tədqiqatlar göstərir ki, Qafqazın qədim mədəniyyətinin əsasını oğuz və qıpçaq türkləri qoyub. İrəvan şəhərinin əsası Azərbaycan türkləri tərəfindən qoyulub və bu şəhər həm Azərbaycan, həm də Türkiyə türklərinin ortaq mədəni irsidir. İctimai birlik beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Təpəbaşı məhəlləsinin Dünya Abidələr Fondu tərəfindən “təhlükə altında olan mədəni irs” kimi tanınması üçün 2024-cü il nominasiya sənədlərini hazırlayıb və təqdim edib. Bu təşəbbüs Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması və müdafiəsini hədəfləyir".
Fariz Xəlillinin fikrincə, həm Zəfər qəhrəmanlarının xatirəsinə həsr olunmuş layihələr, həm də İrəvan kimi qədim şəhərlərdə milli irsin qorunması istiqamətində aparılan tədqiqatlar göstərir ki, Azərbaycanın mədəni və tarixi irsini yaşatmaq, qorumaq və gələcək nəsillərə ötürmək istiqamətində dövlət qurumları, alimlər və QHT-lər vahid bir məqsədə – milli yaddaşın əbədiliyinə xidmət edirlər.
Pərvanə Fərhadqızı












