“İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli Zəfər Günü münasibətilə çıxış edərək bu günün Azərbaycan üçün həm böyük qürur, həm də ağrı-acı ilə bağlı tarixi gün olduğunu bildirib.
QHT.az-a açıqlama verən Vüsalə Hüseynli vurğulayıb ki, bu torpaqlar şəhidlərin qanı və canı bahasına 30 illik işğaldan sonra azad edilib və xalqın bu qələbəsini Prezident İlham Əliyevin əzmi və mövqeyi sayəsində əldə etdiyini qeyd edib:
“Ali Baş Komandanımız danışıqlar masasında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı güzəştə getmədi, xalqın səsinə səs verərək dik dayandı. Nəticədə Azərbaycan ərazi bütövlüyünü tam şəkildə bərpa etdi. Ölkənin əziz övladları — üç mindən artıq igid əsgər — şəhid olub və onlara rəhmət diləyirik. Torpağın vətənə çevrilməsi insan fədakarlığı ilə bağlıdır və azadlıq qansız mümkün deyil".
QHT sədri Qarabağa qayıdışın və bölgədə davamlı həyatın bərpasının mühüm olduğunu, artıq insanlar Şuşa, Laçın, Xankəndi və digər rayonlara gedərək orada həyatın canlandığını bildirib. Eyni zamanda o, tarixdən nəticə çıxarmağın vacibliyini diqqətə çatdırıb:
“Biz 30 illik işğalı unutmaq istəmirik. Tarix göstərir ki, illər keçdikcə bəzi şeylər unudula bilər. Buna görə ehtiyatlı olmalıyıq — növbəti dəfə bu məsələnin yenidən qaldırılmasına imkan verməməliyik. Bunun yolu regionda geniş sosial və iqtisadi bərpa işləri aparmaq, orada çoxsaylı icmalar və qruplar formalaşdırmaqdır ki, heç kimin həmin torpaqlara iddia etmək fikrini səsləndirməsinə imkan qalmasın".
Vüsalə Hüseynli çıxışını Zəfər Günü münasibətilə xalqı təbrik edərək bitirib və şəhidlərin xatirəsinin daim yaşadılmasının, eləcə də Qarabağın yenidən qurulması işində həm dövlətin, həm də vətəndaş cəmiyyətinin fəal iştirakının vacibliyini vurğulayıb.












