Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov Zəfər Günü münasibətilə QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycan xalqının işğalçı üzərində tarixi qələbəsi hər bir vətəndaş üçün ən böyük hadisə və qürur mənbəyidir.

Onun sözlərinə görə, Zəfər Günü Azərbaycanın mədəni paytaxtı Şuşanın azad olunması ilə bağlıdır və bu hadisə xalqımızın azadlıq ruhunun və milli birliyinin təcəssümüdür:

“Əlbəttə, bu günlərdə məndə ikili hisslər yaşanır – bir tərəfdən Böyük Zəfərin gətirdiyi xoşbəxtlik və qürur, digər tərəfdən isə vətən uğrunda canını qurban verən igidlərimizlə bağlı kədər hissi. Şəhidlərimizin arasında tanıdıqlarımız, əzizlərimiz, uşaqlıqdan bildiklərimiz var. Onların xatirələri bu günlərdə bir daha göz önündə canlanır. 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində xalqın birliyini və iradəsini nümayiş etdirən ən parlaq səhifələrdən biridir. O müharibədə Ali Baş Komandan Prezident İlham Əliyevdən başlayaraq, Silahlı Qüvvələr və bütövlükdə xalq iştirakçı idi. Prezident Ali Baş Komandan kimi, ordu döyüş meydanında, xalq isə bütün imkanları ilə bu mübarizədə birləşdi.”

Sahib Məmmədov vurğulayıb ki, bu hadisə Azərbaycanın minillik tarixində qızıl hərflərlə yazılan bir səhifə kimi gələcək nəsillərə həm qəhrəmanlıq, həm də milli birliyin simvolu olaraq ötürüləcək.

 

Pərvanə Fərhadqızı