Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov QHT.az-a açıqlamasında bildirib ki, sabah Azərbaycan xalqı Zəfərin beşinci ildönümünü böyük qürur və coşqu ilə qeyd edəcək. Onun sözlərinə görə, bu gün yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının bayramıdır.

Səməd Vəkilov qeyd edib ki, Zəfər Günü bizim üçün son dərəcə qürurverici və əlamətdar hadisədir:

"Bu, təkcə Azərbaycanın qələbəsi deyil, bütün türk dünyasının birliyinin və gücünün təntənəsidir. Qarabağ Zəfəri türkün birliyinin rəmzi olaraq tarixə düşüb. O xatırladıb ki, Türkiyə Cümhuriyyətinin xarici işlər naziri Mövlud Çavuşoğlu həmin qələbə günlərində Müzəffər Ali Baş Komandan İlham Əliyevə səsləndirdiyi sözlərlə bu birlik və gücü ifadə edib. Siz türkün gücünü bütün dünyaya göstərdiniz.”

QHT sədri vurğulayıb ki, bu sözlər Azərbaycan ordusunun qəhrəmanlığını, xalqın birliyini və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi qələbənin dəyərini əks etdirir.

“Bu Zəfər təkcə torpaqların azad olunması deyil, həm də milli qürurun, azadlıq ruhunun və türk birliyinin möhkəmlənməsi deməkdir. Azərbaycan xalqı bu qələbəni hər il həm minnətdarlıqla, həm də gələcəyə inamla qeyd edəcək, çünki bu gün Zəfərimizin əbədiliyinin və Türk dünyasının qardaşlıq gücünün simvoluna çevrilib".

 

Pərvanə Fərhadqızı