TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqlarının sentyabrın 1-dən artırılması səhiyyə sahəsində çalışanların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlardan biridir.
Məlum olduğu kimi, bu təşəbbüs Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən irəli sürülüb və Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib. Qərar ümumilikdə 72 212 tibb işçisini əhatə edir. İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb.
Məsələ ilə bağlı “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin rəhbəri Cəmilə Abdulova fikirlərini QHT.az-a bölüşüb.
– Cəmilə xanım, tibb işçilərinin əməkhaqlarının artırılmasını necə qiymətləndirirsiniz?
– Bu qərarı yüksək qiymətləndirirəm. Tibb işçiləri insan həyatının və sağlamlığının qorunması kimi son dərəcə məsuliyyətli və şərəfli bir missiyanı yerinə yetirirlər. Onların əməyinin layiqincə qiymətləndirilməsi həm sosial rifah, həm də səhiyyə sisteminin davamlı inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Bu mühüm təşəbbüsə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk. Təşəbbüsün Prezident İlham Əliyev tərəfindən dəstəklənməsi və onun icrası ilə bağlı müvafiq tapşırıq verilməsi dövlətin tibb işçilərinə göstərdiyi diqqət və qayğının mühüm göstəricisidir.
– Bu qərarın tibb işçilərinin fəaliyyətinə necə təsir edəcəyini düşünürsünüz?
– Əməkhaqqının artırılması yalnız maddi təminatın yaxşılaşdırılması kimi qiymətləndirilməməlidir. Bu, eyni zamanda tibb işçilərinin uzun illər ərzində göstərdikləri fədakar əməyə verilən mənəvi qiymətdir.
Həkimlərimiz və digər tibb işçiləri ən çətin və məsuliyyətli dövrlərdə daim insanların yanında olublar. Vətən müharibəsi zamanı yaralı hərbi qulluqçuların həyatının xilas edilməsində, pandemiya dövründə isə öz sağlamlıqlarını riskə ataraq insanların həyat və sağlamlığının qorunmasında göstərdikləri fədakarlıq onların peşələrinə sədaqətinin və yüksək vətəndaşlıq məsuliyyətinin nümunəsidir.
– Əməkhaqqı artımının regionlarda həkim çatışmazlığına təsir göstərə biləcəyini düşünürsünüzmü?
– Əlbəttə. Regionlarda tibbi kadr çatışmazlığı uzun müddətdir diqqət tələb edən məsələlərdəndir. Tibb mütəxəssislərinin bölgələrdə fəaliyyət göstərməyə təşviq edilməsi səhiyyə xidmətlərinin regionlarda daha əlçatan və keyfiyyətli olmasına mühüm təsir göstərə bilər.
İnsan harada yaşamasından asılı olmayaraq, keyfiyyətli tibbi xidmət almaq hüququna malikdir. Bu baxımdan regionlarda çalışan tibb işçilərinin sosial və peşəkar baxımdan dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır.
– Rəhbərlik etdiyiniz ictimai birlik eşitmə və nitq məhdudiyyətli şəxslərin hüquqları istiqamətində fəaliyyət göstərir. Bu baxımdan səhiyyə sahəsində hansı məsələləri vacib hesab edirsiniz?
– Bizim üçün əsas məsələlərdən biri eşitmə və nitq məhdudiyyətli şəxslərin səhiyyə xidmətlərinə bərabər və maneəsiz çıxışının təmin edilməsidir.
Eşitmə məhdudiyyətli şəxslər həkimə müraciət etdikdə öz sağlamlıqları ilə bağlı məlumatları tam və düzgün şəkildə çatdırmaq, həkimin izahlarını anlamaq imkanına malik olmalıdırlar. Bu baxımdan işarət dili tərcümə xidmətlərinin genişləndirilməsi, tibb müəssisələrində kommunikasiya imkanlarının artırılması inklüziv səhiyyənin mühüm şərtlərindəndir.
Güclü səhiyyə sistemi yalnız tibbi xidmətlərin keyfiyyəti ilə deyil, həmin xidmətlərin hər bir vətəndaş üçün əlçatan olması ilə ölçülür.
– Sonda tibb işçilərinə nə demək istərdiniz?
– Bütün tibb işçilərimizi bu mühüm qərar münasibətilə təbrik edir, onların şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıram.
Əminəm ki, bu addım tibb işçilərinin sosial rifahının yaxşılaşdırılmasına, səhiyyə sisteminin insan kapitalının gücləndirilməsinə və tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə töhfə verəcək.
Tibb işçisinin əməyinə verilən dəyər, əslində, insan həyatına və sağlamlığına verilən dəyərdir.
Fatimə Nəbiyeva












