Human Rights Watch (HRW) Cənubi Afrikada qadınların öldürülməsi ilə bağlı araşdırmaların sürətləndirilməsinə və onların təhlükəsizliyinin təmin olunması üçün daha effektiv tədbirlərin görülməsinə çağırıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, təşkilatın 22 sentyabr tarixli məlumatına görə, Yohannesburqun kənarında bir neçə qadının meyitinin aşkarlanması ölkədə narahatlıq yaradıb. Polis onların bəzilərinin bədənlərində xəsarətlər olduğunu bildirib. Hadisələrlə bağlı ən azı üç şübhəli saxlanılıb və istintaq davam edir.

HRW bu hadisələrin Cənubi Afrikada gender əsaslı zorakılıqla bağlı uzunmüddətli problemin fonunda baş verdiyini qeyd edib. Təşkilatın məlumatına görə, ölkədə qadınların ədalət mühakiməsinə çıxışına mane olan problemlər, eləcə də zorakılıqdan sağ çıxan şəxslərin psixososial dəstəyə çıxışının məhdudluğu ilə bağlı narahatlıqlar mövcuddur.

QHT-nin mövqeyi: Human Rights Watch hesab edir ki, qadınlara tək gəzməmək və ya idman etməmək barədə xəbərdarlıqlar onların təhlükəsizliyinin təmin olunması üçün kifayət deyil. Təşkilat təhlükəli ərazilərdə təhlükəsizlik auditlərinin aparılmasını, polis görünürlüğünün artırılmasını, itkin düşən qadınlarla bağlı operativ tədbirlərin görülməsini və cinayətlərin araşdırılması üçün lazımi resursların ayrılmasını tövsiyə edib.