Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda aparılan kampaniyaya dair Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyi (DAVİB) Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri ilə əlaqədar Ermənistanda müxtəlif dairələr tərəfindən aparılan kampaniyanı diqqətlə izləyir və bu kampaniyanı qəbuledilməz hesab edir.

11–12 sentyabr 2026-cı il tarixlərində 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik diplomatik nümayəndə heyətinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfəri baş tutmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə həyata keçirilən bərpa-quruculuq işləri, sosial-iqtisadi infrastruktur layihələri və tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlərlə tanış olmuşdur.

DAVİB hesab edir ki, diplomatik nümayəndələrin Azərbaycan ərazisində səfər etməsi Azərbaycanın suveren hüquqları çərçivəsində həyata keçirilən normal diplomatik fəaliyyətdir. Bu səfərin Ermənistanın müxtəlif siyasi və ictimai dairələri tərəfindən etiraz kampaniyasına çevrilməsi Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə xarakteri daşıyan yanaşmaların hələ də mövcud olduğunu göstərir.

Azərbaycan xalqı üç onillikdən artıq davam etmiş işğalın, şəhər və kəndlərin dağıdılmasının, tarixi və mədəni irsə vurulmuş ziyanın ağır nəticələrini unutmur. Bu gün isə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa, yenidənqurma və məskunlaşdırma prosesləri həyata keçirilir. Diplomatik korpus nümayəndələrinin bu ərazilərə səfəri həmin proseslərlə yerində tanış olmaq baxımından mühüm əhəmiyyət daşıyır.

DAVİB xüsusilə vurğulayır ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və regionda davamlı sülhün təmin edilməsi üçün qarşılıqlı hörmət, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, həmçinin daxili işlərə müdaxilədən çəkinmək əsas prinsiplər olmalıdır.

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərinə diplomatik səfərlərin keçirilməsinə qarşı aparılan kampaniyalar regionda etimad mühitinin formalaşdırılmasına xidmət etmir. Əksinə, bu cür yanaşmalar sülh və normallaşma prosesinə dair qarşılıqlı etimadın möhkəmləndirilməsinə maneə yarada bilər.

DAVİB olaraq hesab edirik ki, tarixi məsələlər və mədəni irslə bağlı mübahisələr siyasi manipulyasiya predmetinə çevrilməməli, bu məsələlərin araşdırılması elmi, tarixi və beynəlxalq hüquq prinsipləri əsasında aparılmalıdır.

Biz Ermənistanın müxtəlif dairələrini Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə, təxribat xarakterli kampaniyalardan çəkinməyə və regionda sülhün, sabitliyin və mehriban qonşuluğun möhkəmləndirilməsinə konstruktiv töhfə verməyə çağırırıq.

Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyi bundan sonra da Azərbaycanın dövlətçilik maraqlarının, suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi istiqamətində fəaliyyətini davam etdirəcək, ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün vətəndaş cəmiyyəti platformasında öz səylərini əsirgəməyəcəkdir.

Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin (DAVİB) prezidenti Nəsimi Qarabağlı