Ümumiyyətlə, fiziki fəaliyyətin faydaları hava çirkliliyinin yaratdığı risklərdən daha çoxdur. Lakin çirkli havaya məruz qalma səviyyəsini minimuma endirmək üçün atacağınız bəzi addımlar da var.
QHT.az xarici mediaya istinadən bildirir ki, şəhər şəraitində idman edərkən qarşılaşa biləcəyiniz risklər, fiziki aktivliyin faydaları və özünüzü ən yaxşı şəkildə necə qoruya biləcəyiniz barədə bilməli olduğunuz əsas məqamlar bunlardır.
Sıx məskunlaşmış şəhərdə yaşayırsınızsa, qaçış etmək üçün kənd ərazisinə köçmək, əlbəttə ki, mümkün deyil. Bu halda ən yaxşı alternativ ətrafınızdakı ən yaşıllıq olan və ya daha az insanların və nəqliyyatın olduğu ərazini seçməkdir.
Məsələn, səhər işə gedərkən daha az nəqliyyatın hərəkət etdiyi yolla velosiped sürə bilərsiniz. Bu marşrut bir neçə dəqiqə daha uzun çəksə də, daha az çirkli havaya məruz qalmağınıza imkan verə bilər.
2018-ci ildə Sinharay və həmkarları apardıqları araşdırmaya sağlam könüllülərlə yanaşı, xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) və ya koronar ürək xəstəliyi olan yaşlı insanları da cəlb ediblər. İştirakçılardan parkda və ya Londonun hərəkətin intensiv olduğu küçələrindən birində iki saat ərzində piyada gəzmələri istənilib.
Tədqiqatçılar daha təmiz havaya malik ərazidə gəzən insanların cəmi iki saatdan sonra ağciyər və qan damarlarının fəaliyyətində yaxşılaşma müşahidə etdiklərini müəyyən ediblər. Havanın çirklənmə səviyyəsinin yüksək olduğu ərazidə gəzən iştirakçılarda isə bu faydaların daha az olduğu görülüb.
KOAH xəstələrində isə çirkli havaya məruz qalmanın xəstəliyin simptomlarının pisləşməsi ilə əlaqəli olduğu müəyyən edilib.
Başqa sözlə, fiziki fəaliyyət hava çirkliliyinin bir çox mənfi təsirini kompensasiya edə bilər. Lakin bunun əksi də mümkündür: yüksək səviyyəli hava çirkliliyi idmanın yaratdığı qoruyucu təsirləri azalda bilər.
Hətta hava çirkliliyinin fiziki fəaliyyətin beyin və idrak funksiyaları ilə bağlı faydalarını da zəiflədə biləcəyi müəyyən edilib.
Zəhra Mansırova












