Gecə süni işığa daha çox məruz qalmaq yalnız yuxu rejiminə deyil, ürəyin quruluşu və fəaliyyətinə də təsir göstərə bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, yeni araşdırmada 11 mindən çox insanın məlumatları təhlil edilib. İştirakçılar yeddi gün ərzində işıq səviyyəsini ölçən cihazlar daşıyıb, təxminən üç il sonra isə ürəkləri MRT müayinəsindən keçirilib. 

Nəticələr gecə saatlarında daha çox işığa məruz qalan şəxslərdə ürəyin sol mədəciyində müəyyən dəyişikliklərin olduğunu göstərib. Ən yüksək işıq məruz qalması olan qrupda ürək divarlarının qalınlığı təxminən 1,5 faiz, sol mədəciyin kütləsi 2,4 faiz daha çox, ürək əzələsinin yığılma funksiyası isə 1,9 faiz daha aşağı olub. 

Araşdırmada gecə işığına daha çox məruz qalma ilə ürək çatışmazlığı, qulaqcıqların fibrilasiyası, infarkt və insult kimi ürək-damar xəstəlikləri arasında da əlaqə müşahidə edilib. Tədqiqatçılar bunun bədənin bioloji saatını və yuxu-oyanıqlıq ritmini tənzimləyən mexanizmlərlə bağlı ola biləcəyini bildirirlər. 

Bununla belə, tədqiqat müşahidə xarakterli olduğundan gecə işığının ürəkdəki dəyişikliklərə və ya ürək xəstəliklərinə birbaşa səbəb olduğunu sübut etmir. Mütəxəssislər səbəb-nəticə əlaqəsini dəqiqləşdirmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.

Zəhra Ağayeva