Sosial media yeniyetmələr arasında “qüsursuz dəri” və çoxmərhələli “şüşə dəri”yə qulluq rutinlərini populyarlaşdırır.
QHT.az xarici mediaya istinadən bildirir ki, bir çox gənc dermatoloqların məsləhətlərindən daha çox sosial şəbəkələrdəki influenserlərin tövsiyələrinə üstünlük verir.
Bəs yeniyetmələrin həqiqətən bu qədər çoxmərhələli dəriyə qulluq rutinlərinə ehtiyacı varmı?
Dermatoloq Dr. Conatan Kentlinin sözlərinə görə, sosial medianın ən narahatedici təsirlərindən biri “qeyri-real gözəllik standartlarının fasiləsiz nümayiş etdirilməsidir”. O bildirir ki, görünən məsamələr, qara nöqtələr, ləkələr, piqmentasiya, qızartı və çapıqlar yeniyetmə dərisi üçün normaldır.
13-18 yaşlı gənclərin 80 faizindən çoxunda yeniyetməlik dövründə sızanaq problemi yaranır. Dermatoloq Dr. Zeynəb Laftah bunun əsas səbəblərindən birinin yağ ifrazını və sızanaqları artıran testosteronla əlaqəli hormonal dəyişikliklər olduğunu deyir. Sızanaqlar geniş yayılmış, normal və müalicə oluna bilən problemdir.
Mütəxəssislərin fikrincə, sızanağa meyilli və yağlı dərisi olan gənclər üçün salisil turşusu faydalı ola bilər. Lakin ondan həddindən artıq və ya lazımsız istifadə dərinin qurumasına və qıcıqlanmasına səbəb ola bilər.
Mütəxəssislərdən 5 əsas məsləhət
- Dəriyə qulluq rutinini sadə saxlayın.
Üç əsas məhsul kifayətdir: yumşaq təmizləyici, ətirsiz nəmləndirici və SPF 30 və ya daha yüksək qoruyuculu geniş spektrli günəş kremi. - Çox məhsul istifadə etmək daha yaxşı nəticə demək deyil.
Tez-tez pilinq etmək, güclü turşular, retinoidlər, çoxsaylı serum və maskalardan istifadə gənc dəriyə zərər verə bilər. Bu məhsullar dəri baryerini zəiflədərək qıcıqlanma və əlavə problemlərə səbəb ola bilər. - Yuxu və qidalanmaya diqqət edin.
Yuxusuzluq nəticəsində yüksələn kortizol səviyyəsinin sızanaqlarla əlaqəli olduğu bildirilir. Yüksək şəkər və karbohidrat tərkibli qidalar, eləcə də bəzi protein içkilərindəki zərdab zülalı da sızanaqların yaranması ilə əlaqələndirilir. Bununla belə, hər insanın dərisi fərqlidir. - Sızanaqları sıxmayın.
Sızanağı sıxmaq iltihabı artıraraq çapıq və dəri rəngində dəyişikliklərə səbəb ola bilər. Dermatoloq Laftah səthi sızanaqlarda hidrokolloid bantlardan istifadəni tövsiyə edir. Bu bantlar sızanaqdakı mayeni sorur və onu sıxmağa mane olan qoruyucu təbəqə yaradır. - Şiddətli sızanaqlarda mütəxəssisə müraciət edin.
Davamlı ağrılı, kistik və ya iz buraxan sızanaqlar zamanı həkimə və ya dermatoloqa müraciət etmək lazımdır. Belə hallarda reseptlə verilən müalicəyə ehtiyac yarana bilər.
Bəs oğlanlar?
Mütəxəssislər bildirirlər ki, yeniyetməlik dövründə oğlanlarda dəri daha yağlı ola və sızanaqlar daha çox müşahidə edilə bilər. Bundan əlavə, üz tüklərinin qırxılması dəridə qıcıqlanma yarada bilər.
Dermatoloq Kentli qırxılarkən dərini qorumaq üçün duşdan sonra, dəri yumşaldıqda qırxılmağı, tükləri dəridən qaldırmaq üçün qırxma fırçasından istifadə etməyi və köpük və ya duş geli kimi sürüşkənləşdirici məhsul tətbiq etməyi məsləhət görür.
Zəhra Mansırova












