Bu gün Milli Qəhrəman, telejurnalist Çingiz Mustafayevin anım günüdür.

QHT.az  xəbər verir ki, o, 1992-ci il iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən şəhid olub. 

Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunda hərbçi ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakıya köçüb. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib. 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olan Çingiz Mustafayev 1983-cü ildə ali təhsil ocağını müvəffəqiyyətlə bitirib. Təhsilini başa vuran gənc Çingiz təyinatla Dəvəçi (hazırkı Şabran) rayonunda üç il həkim işləyir. 1983-cü ildə dünyada ilk dəfə olaraq türkcə rep janrlı mahnını Çingiz Mustafayev səsləndirib.

Çingiz həkim olsa da, jurnalistikaya böyük həvəsi vardı. 1991-ci ildən həyatını jurnalistikaya tam bağlayıb. 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı agentlikləri və televiziyalarına yol tapdı.

Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi.

Azərbaycan tarixində iz qoyan insanın məkanı cənnət olsun!

 

Pərvanə Fərhaqızı