İsrailin hücumu altında olan qəzzalılar sağ qalmaq üçün təkcə bombalarla deyil, həm də aclıq və susuzluqla mübarizə aparır. 

QHT.az xəbər verir ki, tam blokadada olan insanlar başqa çarələri olmadığı üçün su almaq və “çirkli su” içmək üçün növbə gözləyirlər. İş o yerə çatıb ki, indi qara bazarda hətta çirkli su da baha qiymətə satılır.

Qəzza sakinləri çirkli suya görə barrel üçün 50 dollar ödəyirlər. İsrailin ağır hava zərbələrinə və evakuasiya çağırışlarına baxmayaraq Qəzza şəhərində qalmağa qərar verən Mahmud Əbdül Hakim və ailəsi buradakı insanların niyə cənuba köçmədiyini soruşduqda bunları deyir: “Hara gedəcəyik, nə yeyəcəyik? " Ailəsi ilə birlikdə ölkənin cənubundakı Rəfah şəhərinə qaçan fələstinli ana Mouna Zəki 10 gündür su almadıqlarını ifadə edərək, “Çirkli suyu barrelinə 50 dollar ödəməklə alırıq” dedi.

Qəzzada uşaqlar təkcə bombalardan ölmürlər. Onlar üçün ən böyük təhlükələrdən biri aclıqdır. Uşaqlar acından ölür, insanlar çirkli su içmək məcburiyyətində olmaqla yanaşı, infrastrukturun çökməsi səbəbindən ciddi xəstəlik təhlükəsi ilə üzləşirlər. 

Qeyd edək ki, Qəzzada səhiyyə rəsmiləri suda çirklənmə səviyyəsinin "çox yüksək" olduğunu bildirərək "ciddi epidemiya" barədə xəbərdarlıq edir.

 

Pərvanə Fərhadqızı