Milli Məclisdə dini komitənin sədri olduğum 5 il müddətində “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbuluna mane oldum. Dünyanın hansı yerində bunu edirlərsə, etsinlər, amma Azərbaycana bunu tətbiq etməyin. Düşünürəm ki, süni mayalanma ilə uşaq dünyaya gətirməzlər. Allah verməyibsə, deməli, belə məsləhətdir”.- bu sözləri deputat Siyavuş Novruzov bildirib.

QHT.az xəbər verir ki, Qadın Təşəbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Zenfira Mustafayeva isə buna cavab olaraq bildirib ki, hər bir evlənən cütlük  evlad sahibi olmaq arzusunda olur, çox vaxt məhz buna görə ailə qurulur: “Hər kəsin valideyin olmaq hüququ var. Bəzən xoşbəxtlikdən cütlük məhrum olur,  bu zaman Allahın izni ilə alimlərimiz tərəfindən kəşf edilmiş, tibb elminin müasir sahəsi olan süni mayalanma üçün tibbə müraciət edirlər. Nəticədə evlad həsrətinə son qoyulur və ailə xöşbəxt olur. Əgər Allahımız bu kəşfə icazə veribsə, nədən bunun reallaşmasının əksinə gedək. Reproduktiv sağlamlıq haqqında qanun, təkcə süni mayalanma deyil, cinsi sağlamlıq, erkən nigah, selektiv abortları və s. tənzimləyən qanundur. Onun qüvvəyə minməsi bu gün üçün çox vacib olardı. Bu qanunun qəbulunun qarşısının alınması hesab edirəm ki, insanlıq və Allah qarşısında günahdır”.

 

Pərvanə Fərhadqızı