Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın 5.1.2-cı yarımbəndinə dəyişiklik edilməsi haqqında prezident İlham Əliyev 09 iyun 2023-cü tarixli Sərəncam imzalayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov QHT.az-a açıqlamasında bildirib ki, cari dəyişiklik bu fəaliyyət planının 5.1.2-ci bəndinə əsasən həyata keçirilib: "Belə ki, əvvəlki dəyişikliyə əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə “Uşaq Məcəlləsinin layihəsi”nin hazırlanması tapşırığı verilmişdir. Həmin tapşırığın icrasına əsasən, Komitə dövlət orqanları ilə layihənin ilkin formatının razılaşdırılmasını həyata keçirtmiş lakin qurumların təklifinə əsasən bu Uşaq Məcəlləsinə yox, Uşaq Hüquqları Haqqında Qanunun yeni layihəsinin hazırlanması kimi tövsiyyə olunmuşdur. Bu zərurətdən irəli gələrək prezidentin son tapşırığına əsasən məsələ ilə bağlı dəyişiklik edildi. 09.20.2023 –cü il tarixli Sərəncam ilə 5.1.2-ci bənd yarımbənd dəyişdirilmiş və ona əsasən “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni Qanun layihəsinin hazırlanması tapşırığı verilmişdir. Bu bəndin icrası ilə bağlı Komitə tərəfindən Uşaq hüquqları ilə bağlı təkmilləşdirilmiş yeni qanun layihəsinin hazırlanması ətrafında artıq iş gedir”.
Seymur Məmmədov həmçinin qeyd edib ki, layihə sənədinin mahiyyəti ondan ibarətdir ki, cari “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu uşaq hüquqlarının təminatı baxımından mövcud tələblərə bir o qədər də cavab vermir: “Günün tələblərinə uyğun olaraq Qanunun yenilənməsinə ehtiyac vardır. Çünki ölkədə uşaq hüquqlarını tənzimləyən bir çox normativ hüququ aktlar olsa da, amma hazırkı qanun qəbul olunmuş yeni normativlərlə ayaqlaşmır. Ona görə də biz düşündük ki, məhz uşaq hüquqlarının təmini ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi üçün bu qanunun yenilməsinə ehtiyac vardır”.
Qeyd edək ki, günümüzdə uşaqların fəaliyyətini hədəfləyən və uşaqlara doğru yönələn tədbirlər bu qanunda öz əksini tapacaq.
Pərvanə Fərhadqız












